"Bu iddia Beynəlxalq münasibətlər sistemini tamamilə yox edəcək bir məsələdir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 11:30 23.02.2024

"Odessa Rusiyanın tərkibində olmalıdır, çünki orada ruslar yaşayır və rusca danışırlar". Bu bəyanatla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

 

Medvedevin fikirlərini "informator.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, bu gün əgər tarixlə bağlı bütün məsələlərə yanaşma olduğu təqdirdə bütün dünya özünün keçmiş tarixi torpaqları uğrunda yeni bir savaşa qalxa bilər:

 

"Müasir Beynəlxalq münasibətlər sistemində əsas Beynəlxalq hüquq götürülür, tarixi faktlar Beynəlxalq hüququn kölgəsində qalır. Doğrudur, burada Kırım kimi Kırımın işğalı və ilhaqı kimi bir presedent ortadadır. Kırımı zamanında Rusiya işğal edəndə bunu Kırımın Rusiyanın tarixi torpaqları olduğu iddiası ilə etdi. Ermənistanın Baş Naziri Nikol Paşinyanı da ən ciddi şəkildə narahat edən məqam bundan ibarətdir. Buna görə də bu məsələdə Ukraynanı dəstəkləməyə üstünlük verir. Çünki bu məsələnin tədricən beynəlxalq rəydə legitimləşdiyi təqdirdə Azərbaycanın da 1920-ci ildən üzü bəri SSRİ dönəmində Ermənistanın peşkəş edilmiş torpaqları var. Əslində bu gün Azərbaycan bu məsələni dolayısı ilə sərhədlərin dəqiqləşdirilməsi prosesində ortaya atır. Əgər Rusiya Kırımı tarixi torpaqları hesab edib işğal edə bilirsə və hətta Odessanı və Dombası Rusiya ərazisi kimi hesab edib orda ruslar yaşayır deyə əsaslandırırsa və bununla bağlı işğalı legitimləşdirməyə çalışırsa, digər dövlətlər üçün də bunu etmək niyə olmasın"?!

 

Politoloqun sözlərinə görə, bu iddia Beynəlxalq münasibətlər sistemini tamamilə dağıdacaq, yox edəcək bir məsələdir:

 

"Beynəlxalq hüquqda məsələ başqa cür qoyulur. Hər bir dövlət Beynəlxalq hüquq çərçivəsində, hansı sərhədlər çərçivəsində qəbul olunubsa və BMT-yə hansı sərhədlər çərçivəsində qəbul edilibsə, həmin çərçivədə də tanınır. Və bu məsələdə Odessa Ukraynanın tərkib hissəsi sayılır. Eyni zamanda işğalda olan Kırım torpaqlarıdır. Ona görə də Kırımın işğal və ilhaqına rəğmən hələ də heç bir dünya dövləti, beynəlxalq təşkilatlar Kırımı Rusiyanın tərkib hissəsi kimi tanımır. Ruslar dünyanın dörd bir yanında yaşayırlar. Bu o demək deyil ki, harda rus yaşayırsa, bu rus torpaqlarıdır. Əgər məsələyə bu cür yanaşma varsa, onda Altaydan Moskvaya qədər bütün ərazilər türk etnoslarına məxsusdur. Bu torpaqlar zamanında işğal olunub və bütün türklər müstəmləkə altına alınıb. Buna görə də kimin harda yaşaması bu məsələdə arqument ola bilməz. Odessanı işğal etmək planı 2022-ci il fevral ayının 24-dən mövcuddur. Sadəcə bunu Rusiya edə bilmədiyi üçün bu gün Odessa hələ də Ukraynanın tərkibindədir. Ukraynanın qəhrəman ordusu buna imkan vermədi".

 

Natiq Miri əlavə edib ki, Odessanın işğal olunub-olunmamasını isə gələcək göstərəcək:

 

"Bu məsələ daha çox Qərbin hansı şəkildə, hansı səviyyədə və davamlı olaraq Ukraynanı müdafiə edib-etməməsi ilə bilavasitə əlaqəli olacaq. Çünki Ukraynanın istədikləri bütün təchizatlar zamanında və ən yüksək səviyyədə yerinə yetiriləcəksə, nə Odessa işğal olunmayacaq, hətta düşünürəm ki, gələcək perspektivdə Kırım belə işğaldan azad oluna bilər. Çünki bunun üçün potensial var".

 

Aynur Babayeva