Bakı və İrəvan rəsmilərinin gözlənilən görüşü! -RƏY

Bölmə: Siyasət › ,
Tarix: 19:40 23.02.2024

"Ümid edirik ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq". Bu sözləri Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

 

Nazirin fikirlərini "informator.az"a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Xarici İşlər Nazirləri arasında görüşün keçiriləcəyi bəlli idi:

 

"Münxendə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüş zamanı belə bir razılaşma əldə olunub. Eyni zamanda müzakirə olunacaq məsələ də açıqlandı. Bu, sülh müqaviləsi üzərində aparılan işlə bağlı olacaq. Ermənistan tərəfi bir neçə gün öncə Azərbaycanın növbəti təkliflərinin Ermənistana daxil olduğunu bildirib. Çox güman ki, bu məsələ elə görüş ərəfəsində də müzakirə olunacaq.

 

Politoloq əlavə edib ki, Azərbaycan tərəfinin mövqeyi prinsip etibarilə aydındır:

 

"Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təkliflərini artıq xeyli müddətdir ki, irəli sürüb. Bu təkliflərdən kənar hər hansı bir müzakirənin aparılması barədə bu günə qədər rəsmi informasiya yoxdur. Buna görə də konkret fikir səsləndirmək çox çətindir. 3-cü dövlətin prosesdə iştirakı kimi gözlənti yoxdur. Azərbaycan isə 2 dövlət arasında bu kimi məsələlərin təmaslar vasitəsilə həllinin tapılmasının tərəfdarıdır. 

 

 

Tehran Yusifli