Qarışıqlıq zamanı diplomatiyanın inkişafı-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:37 27.02.2024

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

 

Diplomatik Forumda hansı məsələlərin müzakirə olunacağı və bu forumun siyasi münasibətlərə necə təsir edəcəyi ilə bağlı politoloq Əlimusa İbrahimov  "İnformator.az" a açıqlama edib.

 

O, öncə forumun təşkili, məqsədiylə bağlı danışıb:

 

"Antalya Diplomatiya Forumu 2024-cü ilin 1-3 mart tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçiriləcək. Bu ilki forum üçüncüdür və “Qarışıqlıq zamanı  diplomatiyanın inkişafı” adlanır. Forumda dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, biznes liderləri, alimlər, tədqiqatçılar, gənclər və media nümayəndələri yüksək səviyyəli  debatlar üçün bir araya gələcəklər. Qeyd etdiyimiz kimi, bu ilki forumun əsas mövzusu “Qarışıqlıq zamanı diplomatiyanın inkişafı” olacaq. Forum davam edən müharibələr, terror aktları, qeyri-qanuni  miqrasiya, ksenofobiyanın və islamofobiyanın artması, süni intellektlə bağlı gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar və genişlənən sosial-iqtisadi boşluqlar qlobal problemlərin tam olmayan siyahısını təşkil edəcək.
2024-cü ildə dünya əhalisinin üçdə biri seçkilərə getdiyi üçün seçkilərin aktual beynəlxalq problemlərə təsiri, eləcə də süni intellektlə manipulyasiya edilmiş dezinformasiya və saxta xəbərlərlə bağlı narahatlıqlar- bir çox suallar beynəlxalq gündəmdə olacaq".

 

Əlimusa İbrahimov Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın forumda iştirak edəcəyi  barəsində də fikirlərini bildirib.

 

 

"Mövcud vəziyyətdə qlobal problemləri həll etmək üçün diplomatiyadan daha yaxşı necə istifadə edə bilərik?  Şübhəsiz ki,  cavab əsas və ənənəvi dialoq çərçivəsindən kənarda yeni diplomatiya anlayışının qəbul edilməsindədir.
Xəbər verildiyi kimi, Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan da  Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Onun bu səfəri və forumda iştirakını müsbət qiymətləndirmək olar. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla Berlində nəzərdə tutulan görüşdən sonra Türkiyəyə səfər, Türkiyə-Ermənistan münasibətlərinin də inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Forum çərçivəsində Mirzoyanın Azərbaycanlı və Türkiyəli həmkarları ilə görüşmək ehtimalını da nəzərdən qaçırmaq lazım deyil. Elə bu səbəblə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın Antalya Forumunda iştirakını yüksək qiymətləndirirəm".

 

 

Banuçiçək Kalbalıyeva