Tarixdə bu gün-Ənvər Məmmədxanlının doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 21:01 28.02.2024
Bu gün Azərbaycanın böyük ssenaristi, bir çox məşhur filmin ssenari müəllifi olan Ənvər Məmmədxanlının doğum günüdür.
Ənvər Məmmədxanlı 1913-ci ildə Göyçay şəhərində anadan olub. 1934-cü ildə ali təhsilini tamamladıqdan sonra Ənvər, Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi kimi işə başlayıb və 1936-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi kimi peşə fəaliyyətini davam etdirib. Ənvər Məmmədxanlı Azərbaycan filminə çox şey bağışlayıb. Onun ssenari müəllifi olduğu filmlər xalq tərəfindən sevilib və hələ də sevilməkdədir.
Kinotənqidçi Sevda Sultanova informator.az-a müsahibəsi zamanı Ənvər Məmmədxanlının ən məşhur filmi olan "Babək" filminin milli kinoda uğurlu tarixi-bioqrafik film baxımından bir presedent, milli sima modeli və milli identifikasiya nümunəsi olduğunu bildirib.
"Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan tarixi şəxsiyyətlər haqda müxtəlif vaxtlarda filmlər çəkilsə də, bu ekran işləri emosional təsirinə, dramaturji gücünə, ifadəli dialoqlarına, təbii aktyor oyununa və bədii-estetik həllinə görə heç vaxt “Babək” filminin uğurunu təkrarlaya bilməyib".
Eyni zamanda Sevda Sultanova Sovet dövründə Ədəbiyyatla-Kino, Təsviri İncəsənətlə-Kino, Musiqiylə-Kino arasında çox sıx bir əməkdaşlığın olduğunu, Müstəqillik dövründən sonra isə bu əməkdaşlıqların itməyə başladığını təəssüflə bildirib.
Kinotənqidçinin sözlərinə görə, hər yazıçıdan yaxşı bir senarist çıxacaq deyə bir şey yoxdur.
"Ancaq mən belə düşünürəm ki, Ənvər Məmmədxanlı yaxşı bir yazıçı və eyni zamanda, yaxşı bir ssenarist idi".
Yusif Mamedov