Neft fondunun bu ili zərərlə başa vurması gözlənilir -AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:32 12.03.2024

Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2 milyarddan çox qaz ixrac olunub. Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 kubmetr qaz ixrac olunub.

 

Bu vəziyyət Azərbaycan iqtisadiyyatına, nüfuzuna və büdcəsinə necə təsir edə bilər?

 

Məsələ ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "informator.az"a verdiyi açıqlamasında bildirib ki, son bir neçə ildir ölkədə neftin istehsalı və ixracı azalan xəttlə, qazın istehsalı və ixracı artan xəttlə inkişaf edir:

 

"Qazın istehsalının artması, neftin istehsalının azalmasından dəyən mənfi təsirləri qismən konpensasiya edir. Bu baxımdan qazın ixrac edilməsi neft fonduna gələcəkdə də gəlirlər üçün müsbət təsir göstərəcək. Əslində, neft fondunu artıq bu ildən başlayaraq nəzərdə tutulan transfer və neftin qiyməti ilə hesabladıqda bu ili zərərlə başa vurması gözlənilir. Bu hal daha çox neftin bu il ərzindəki qiymətindən asılı olacaq, amma gözlənilən proqnoz belədir. Təbii ki, bu vəziyyət ‘’neft fondunun ərimə dövrü’’nə qədəm qoyduğumuzu göstərmir. Neft fondu 1999-cu ildən bəri aktivləri artırır. Biz indiki dövrümüzüdə neft gəlirlərini gələcək nəsillər üçün qoruyub saxlaya bilmirik’’.

 

Elçin Rəşidov əlavə edib ki, qazın ixracı Azərbaycanı Qərb dünyası üçün nisbətən önəmli edəcək:

 

"Azərbaycan qazı Qərb qazının çox kiçik hissəsini əhatə etsə də, onun artan miqdarı Azərbaycanın da önəmini artıracaq. Rusiyanın da Qərbə qarşı ən çox istifadə etdiyi məhz qazdır. Azərbaycan qazı Rusiyanın Avropaya və bəzi Qərb ölkələrinə qarşı olan təhdidini yumşaldır. Qazın idxalının büdcəyə təsiri məsələsi isə, qısa müddətli olduğu halda heç bir təsiri olmasa da, uzun müddətli olduğu zaman gələn gəlirlər neft fondunda toplaşaraq, gələcəkdə büdcəyə, transferlərin həcminə öz qatqısını verəcək’’.

 

 

Sevinc Yarməmmədova