"İran Fransa, İngiltərə və İsrail ilə birbaşa əlaqədədir"-Politoloqdan RƏY
Bölmə: Siyasət › ,Tarix: 22:32 15.04.2024
Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşünün keçirilməsi ərəfəsində və görüşdən sonra hərbi təxribatlar baş verib, əlbəttə ki, bu, təsadüfi deyil, Brüssel görüşünün “nəticəsidir”. Şübhəsiz, burada Fransanın “rolu” istisna deyil. Bu fakt üçlü görüşün Cənubi Qafqazda gərginliyə səbəb olması ilə bağlı Azərbaycanın narahatlığının öz təsdiqini tapdığını deməyə əsas verir.
Bu barədə “informator.az”a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, əslində bu məsələ Brüssel görüşündən də qabaq idi:
“Prezident and içmə məclisində dedi ki, Azərbaycan 44 günlük müharibədən sonra bəzi daşları yerindən tərpətdi, bunun əvəzi olacaq. Bu söz fevral ayında deyildi, yəni bu məsələlər gözlənilən idi. Bilirsiniz ki, Fransa Emmanuel Macronun dövründən tamamilə hörmətdən düşmüş dövlət statusundadır. Fransa, ABŞ, İngiltərə bir-birilərinə bağlı olan dövlətlərdir. Əsas məqsəd ondan ibarətdir ki, Qərb Cənubi Qafqazda yerləşsin, burdan çıxmasın, Azərbaycan-Rusiya və Azərbaycan-Ermənistan münasibətləri gərginləşsin, yəni növbəti Ukrayna axtarırlar. Azərbaycan bu oyundan kənarda qalmasının səbəbi İlham Əliyevin oyunları başa düşməsi və oyunun qaydalarına uyğun hərəkət etməsidir. Siyasi oyun həddən artıq çətindir. Çünki, ssenari şahmat oyunu kimi qurulmalıdır və yalnız qələbə lazımdır. Burda “mat” vəziyyəti olmaz, həm dövlətin milli maraqlarına ziddir, həm də dövlət üçün çox ciddi problemlər yarada bilər. Çalışırlar ki, bölgədə gərginliyi artırsınlar: Rusiya, Türkiyənin mövqeyi zəifləsin. İran nə qədər üzdə söysə də, Fransa, İngiltərə, İsrail ilə birbaşa əlaqədədir. Çalışacaqlar ki, bizi tutduğumuz mövqeydən kənarlaşdırsınlar. Məqsəd də Azərbaycanın milli maraqlarına xətər toxundurmaqdır”.
Gülnisə Əfkari