İsrailin baş naziri Netanyahu: Rəfah hücumu danışıqlar olsa da, olmasa da gerçəkləşəcək

Bölmə: Dünya › ,
Tarix: 20:56 30.04.2024

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS ilə atəşkəs danışıqlarının nəticəsindən asılı olmayaraq, Qəzzanın cənubundakı Rəfah şəhərində quru əməliyyatı keçiriləcək.

 

İsrail və HƏMAS nümayəndələri atəşkəs və girovların azad edilməsi üçün vasitəçi ölkələr vasitəsilə danışıqları davam etdirirlər.

 

Bununla belə, girov qohumlarının iştirak etdiyi görüşdə Netanyahu “anlaşmalı və ya razılaşmadan” Rəfahı işğal edəcəyini bildirib.

 

İsrailin əsas müttəfiqi ABŞ Netanyahuya mülki vətəndaşlar qorunmasa, Rəfahın işğalı ilə bağlı xəbərdarlıq edib.

 

Ağ Evdən verilən açıqlamada, ABŞ prezidenti Co Baydenin bazar günü Netanyahu ilə telefon danışığında Rəfahla bağlı "açıq mövqeyini təkrarladığı" ifadə edildi. Bayden daha əvvəl Rəfahın işğalını “qırmızı xətt” kimi qiymətləndirdi.

 

Qəzzanın 2,5 milyonluq əhalisinin yarıdan çoxu Rəfahda yaşayır. İsrailin digər bölgələrdəki hücumlarından xilas olmaq üçün buraya sığınan insanların çox sıx olduğu şəhərin şəraiti çox pisdir və köçkünlər qida, su və dərman çatışmazlığından danışırlar.

 

İordan çayının qərb sahilində yerləşən Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas bazar ertəsi bildirib ki, Rəfahın işğalı “Fələstin xalqının tarixində ən böyük fəlakət” olacaq.

 

İsrail mənbələri bazar ertəsi Reuters xəbər agentliyinə bildiriblər ki, HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması əldə olunarsa, "daimi sakitlik dövrü" təmin etmək üçün Rəfaha hücum planları dayandırılacaq.

 

İsrailin xarici işlər naziri İsrael Katz bundan əvvəl Kanal 12 televiziyasına bildirib ki, əgər razılaşma olarsa, "Rəfah" əməliyyatını dayandıracağıq.

 

Mənbə: BBC turk