Viza dələduzları: Sərfəli tur paketləri nə qədər realdır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:36 17.05.2024

Artıq istirahət mövsümü başlayır. Xüsusən yay aylarında xarici ölkələrə axın artır. Təbii ki, bunu fürsətə çevirənlər ortaya çıxır. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 202 nəfərə viza düzəltəklə bağlı yalan vədlər verərək 498 min 175 manat mənimsəyən qadın tutulub. Amma bu ilk belə hadisə deyil. Sosial şəbəkələr üzərindən saxta tur paketləri hazırlayaraq, viza düzətmək vədi verərək insanları aldatmaq istəyən kifayət qədər insan var. Bəs ümumiyyətlə viza hansı formada əldə edilir? Mövsümün başladığı vaxtda təklif olunan sərfəli tur paketlər nə qədər realdır?

 

Turizm ekspertləri deyir ki, viza rəsmiləşdirilməsi yalnız Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin konsul şöbələrində mümkün olur. Tur şirkətləri vətəndaşlara viza əldə etməkdə sadəcə vasitəçi rol oyanaya bilər. Buna görə də insanlar bəzi məqamlarda diqqətli olmalıdırlar. 

 

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, burada turizm şirkətlərinin müəyyən bir marjası olur:

 

"Müəyyən qədər bir marja əsasında turistlərə xidmət göstərə bilərlər. Azərbaycan turizm agentlikləri asossiasiyası üzvlüyündə olan turizm şirkətlərinə müraciət olunmalıdır. Viza rəsmləşdirilirsə, təbii ki, artıq konsulluğda barmaq izləri götürülür. Anketə şəxsi özü imza atmalıdır. Vətəndaş bir qayda olaraq bilməlidir ki, viza əldə eləmək üçün mütləq şəkildə səfirliyə müraciət eləməlidir və imza atmaq üçün səfirliyə yaxınlaşmalıdır.

 

Yəni, viza almaq istəyən şəxs prosesdə birbaşa iştirak etməlidir. Dələduzlar vizayla yanaşı həm də endirimli tur paketlər adı ilə insanları aldadırlar. Real olmayan qiymətlərin əks olunduğu elanı paylaşaraq insanları linkə daxil olmağa dəvət edirlər. Deyilənə əməl edən şəxsin isə nəticədə kart məlumatları ələ keçirilir.

 

DİN-in bölmə rəisi Nurlan Əliyev xəbərdarlıq edib ki, heç bir halda tanımadığınız şirkətlərə onlayn qaydada ödəniş etməyin:

 

"Ümumiyyətlə görmədiyiniz şəxsə onlayn qaydada pul ödənilməsin. Belə olan halda mütləq polisə müraciət olunmalıdır. Polis əməkdaşları ən müasir texnologiyalardan istifadə etməklə bunu araşdıracaq, əməliyyat texniki tədbirlər həyata keçiriləcək. Və qanuna müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq".

 

Hər bir halda vətəndaş özü diqqətli olmalı, verilən vədlərə inanmamalıdır. Əks halda həm tətil istəyi reallaşmaya bilər həm də pulundan ola bilər.