Yol ayrıclarında qaydaları pozanlar: Həll yolu nədir?-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 22:02 17.05.2024

Yol ayrıclarında, kəsişmələrdə hərəkətə problem yaradanlar olur, xüsusilə də pik saatlarda həmin kəslər süni tıxaclar yaradaraq vəziyyəti qəlizləşdirir. Məsələn, işıqfor daimi sağa hərəkət üstünlüyünü göstərir, amma düzünə gedən də sağda dayanıb hərəkət edəcəyi vaxtı gözləyir. Sağa getməli olan isə çarəsizcə siqnal verib qarşısındakına etiraz edir, amma bu etirazı başa düşməyənlər var. Özü də az deyil. 

 

Düzünə getmək istəyən motosiklet sürücüsü sağ zolağı zəbt edib, onun bu səhvinə görə arxada dayanan sürücülər siqnal səsi ilə yolu açmağı tələb edir. Amma motosiklet sürücüsü haqlı olduğunu düşünərək arxada dayananlara özünəməxsus etiraz edir. Problem təkcə onun səhv etməsində deyil, belə düşünənlərin çox olmasındadır.

 

Bəzi küçə və prospektlərdə sağa hərəkət üstünlüyünü göstərən işıqforların əvəzində nişanlar yol göstərir, amma məsələ ondadır ki, nişana da, işığa da baxan çox az sayda sürücü var.

 

Yerdəki nişanın tələbinə uyğun olaraq, Mətbuat prospekti istiqamətində hərəkət etməli olan sürücülər rahat şəkildə hərəkət edə bilərlər. Amma bəzi düzünə hərəkət etməli olan sürücülər bu cür qaydada sağ zolağa çıxır həm qaydanı pozur, həm tıxac yaradır, həm də sağa hərəkət etməli olan sürücülərə maneə törədir.

 

Unutqanlıqmı,yoxsa yol hərəkəti haqqında qaydaları bilməmək? Bu suala cavab verə bilməsək də, onların yaratdığı vəziyyət məlumdur. 

 

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bəzi sürücülər belə zolaqların daha sərbəst olduğunu görüb biraz qabağa düşməyə cəhd edirlər:

 

"Məsələn elə yerlər var ki, baxırsan nişan var, oxlar var, kifayət qədər aydındır. Düzünə getmək istəyən sürücü həmin zolağa girib qabağa düşmək istəyir. Yəni qaydaları pozur, başqalarına hörmətsizlik edir, nəticədə həmin mənzərə yaranır. Çatışmazlıq ondan ibarətdir ki, standarta uyğun olaraq, əgər yol ayrıcında çox zolaqlı yolda zolaqlar üzrə hərəkət istiqamətləri paylanıbsa, 5.8.1 və ya 5.8.2 nişanları var, o nişanlardan biri təxminən bir 20, 30 metr arxada göydən asılmalıdır. Sürücülər görməlidirlər ki , tutaq ki, bu yolda 3 dənə zolaq var, sağ zolaqdan ancaq sağa dönməyə icazə verilir, və ya sol zolaqdan yalnız sola dönməyə icazə verilir".

 

Ekspertin fikrincə bu problemin bir dəfəlik həll etmək üçün həm hərəkətin təşkilindəki çatışmazlıqları aradan qaldırmaq lazımdır, həm də nəzarət gücləndirilməlidir. Əks halda vəziyyət belə də davam edəcək

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov qeyd edib ki, müşahidə kameralarının görüntülərinə baxanda görürük ki, paytaxtın müxtəlif ərazilərində yerləşən yol ayrıclarında sürücülərin bilə-bilə və yaxud səhvən sağ zolağa daxil olub. Sağa dönmək istəyən sürücülərə problem yaratması, həm həmin istiqamətdə, həm də yol ayrıcında olan küçə və prospektlərdə sıxlıqların yaranmasına gətirib çıxarır.