Pakistan və Azərbaycan əlaqələri necə inkişaf edir ?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:03 11.07.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfər edib. İlham Əliyevi Pakistan Respublikasının Baş Naziri Şahbaz Şərif qarşılayıb.

 

Daha sonra İlham Əliyev və Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan "informator.az" müsahibəsində bildirib ki, Türkiyə - Azərbaycan - Pakistan hərbi təlimləri intensiv şəkildə davam etməlidir və inanıram ki, bu belə də olacaq:

 

 "Hər üç dövlətin maraqları, münasibətləri, iqtisadi, sosial, ortaq layihələri var. Bu işlərin fonunda təhlükəsizlik sahəsində də gəlişmələr olmalıdır.


Pakistan tarixən Azərbaycana dost, qardaş ölkədir. Həm xalqlarımızın ruhu yaxındır, həm dinimiz birdir, həm də ortaq tarixi mərhələlərə sahibik. Azərbaycan müstəqil olandan Pakistan Azərbaycanı dəstəkləyib, biz də Kəşmir məsələsində Pakistanı dəstəkləyirik. Pakistan dünyada İslam dövləti obrazını, müdrikliyini qoruyub saxlayan dövlətdir. Dövlətin adına uyğun siyasət aparır, İslam birliyinə, dəyərlərə önəm verir. Pakistanda Türkiyə və Azərbaycan haqqında xüsusi rəğbət, diqqət və hörmət var. Həm dövlətlərimiz, siyasi maraqlarımız, ortaq dəyərlərimiz yaxındır, həm də xalqlarımız bir-birinə yaxındır. Hərbi cəhətdən Pakistan güclü dövlətdir, nüvə silahına sahibdir. Azərbaycanın bu dövlətlə yaxın olan əlaqələri daha da yaxınlaşmalıdır, birgə hərbi təlimlər davamlı olmalı, siyasi əlaqələr hər iki dövlətin maraqları çərçivəsində daha da sıxlaşmalıdır".

 

Politoloqun sözlərinə görə, Prezident cənab İlham Əliyevin komandanlığı ilə Qarabağ münaqişəsinin həll olunması, torpaqların azad olunması müsəlman ölkələrində də qürur hiss yaratdı, Azərbaycanı dünyaya yenidən qalib ölkə kimi tanıtdı:

 

"Paskitan da müsəlman ölkəsi olaraq Azərbaycanın qüdrətinə sevinən dövlətlərdəndir. Azərbaycana qarşı Fransa kimi bəzi dövlətlərin apressiya nümayiş etdirməsi, bəzən də başqa dövlətlərin maraqlarımızın təmin olunmasına maneələr yaratması labüd edir ki, güclü Pakistan kimi dövlətlərlə silah mübadiləsi, hərbi sahədə, hərbi - sənaye sahəsində də əlaqələr qurulsun. Fransa hələ də Ermənistana müasir silahlar tədarük edir. Biz sülh tərəfdarı olmuşuq və bunu indən belə də istəyirik. Həm regionda, həm dünyada sülhün olması bizim üçün də vacibdir. Lakin kənardan olan müdaxilə və təhdidlərə qarşı hər zaman güclü olmağımız zəruridir. 44 günlük savaşda Pakistanın bizə hərbi dəstək verməsinə ehtiyac olmasa da onun siyasi dəstəyi, mənəvi dayaq olması bir çox marıtda dayanıb fürsət gözləyənlərin arzusunu gözündə qoydu. Pakistan hər zaman siyasi cəhətdən bizi dəstəkləyən ölkədir. Lazım gələrsə hərbi cəhətdən də, ordu ilə də dəstək verməyə hazır olduğunu bəyan edib. Belə bir qardaş dövlət ilə əlbəttə ki, əlaqələr daha da yaxınlaşmalıdır. Coğrafi cəhətdən ölkələrimiz arasında məsafə uzaq olsa da siyasi, mənəvi, iqtisadi, hərbi sahədə çox yaxınıq. Azərbaycanın son dövrdəki inkişafı, Qarabağın azad edilməsi bir çox ölkələrdə Azərbaycana qarşı daha böyük maraq və diqqət yaradıb. Artıq nəinki regionda, hətta dünyada sözü keçən, mövqeyi dinlənilən və ciddiyə alınan, söz sahibi olan dövlət olaraq Azərbaycan ilə daha sıx əlaqələrə hər kəs maraq göstərir. Azərbaycan dövlətinin və dövlət başçısının Pakistanda çox böyük nüfuzu var, bu, əsasən Qarabağ zəfərindən sonra daha da parlaq şəkildə büruzə verir. Cənab Prezidentin Pakistana səfəri zamanı onun çox yüksək səviyyədə qarşılanması da buna bir nümunədir. Türk dövlətləri birliyi ölkələrinə də doğma olan Pakistanın bu birliyə münasibəti və iş birliyi də danışıqlar mövzusu olsa təbiidir.


Pakistanla Azərbaycan arasındakı əlaqələr, münasibətlərin yüksək səviyyədə saxlanması və inkişafı hər iki dövlət üçün çox önəmlidir".

 

Vüqar Alışov