"Qızıl viza": İndoneziyadan investisiya cəlb etmək üçün yeni addım

Bölmə: Dünya › ,
Tarix: 17:52 25.07.2024

İndoneziya daha çox xarici investisiya cəlb etmək üçün kapital sahibləri və bacarıqlı mütəxəssislər üçün ölkədə 5 və ya 10 il qalmaq imkanı verən “qızıl viza” proqramına başlayıb.

 

İndoneziya mətbuatında yer alan xəbərlərə görə, prezident Coko Vidodo açıqlamasında qızıl vizanın xarici sərmayələri asanlaşdıracağını ifadə edərək, bu proqramın ölkəyə sərmayə qoyacaq və istehsala töhfə verəcək keyfiyyətli ziyarətçi sayını artıracağını vurğuladı.

 

Qızıl vizanı əldə etməyin 9 fərqli yolu var. Ölkəyə 2,5 milyon dollar sərmayə qoyan şəxslərə 5 il, 5 milyon dollar yatıranlara isə 10 illik yaşayış icazəsi veriləcək.

 

Turistlər dövlət banklarına 350 min dollar yatırmaqla 5 il, 700 min dollar yatırmaqla 10 il müddətinə yaşayış icazəsi ala biləcəklər. Depozitə qoyulan pul gələcəkdə dövlət istiqrazlarını və ya Mərkəzi Bankın siyahısında olan şirkətlərin səhmlərini almaq üçün istifadə oluna bilər.

 

130 min dolları dövlət banklarına yatırıb dəyəri 1 milyon dollardan çox olan ev alanlar 5 illik viza ala biləcəklər.

 

Şirkətlər 5 illik qalmaq üçün 25 milyon dollar, 10 illik qalmaq üçün isə 50 milyon dollar sərmayə qoymağı öhdəsinə götürərək, menecerləri və yüksək vəzifəli məmurları üçün qızıl viza ala biləcəklər.

 

Mənbə: CNN haber 

Aslanova Fatimə