Hollandiya ukraynalı qaçqınlardan yeni ölkələr tapmağı xahiş edir

Bölmə: Dünya › ,
Tarix: 22:56 09.10.2024

İfrat sağçı Azadlıq Partiyasının (PVV) üzvü, Sığınacaq və Miqrasiya naziri Marjolein Faber, 40 min qaçqın qohumunun ailə birləşməsi üçün növbə gözlədiyini xatırladaraq, "qaçqın böhranı" olduğunu iddia etdi.

Koalisiya razılaşmasına uyğun olaraq, Hollandiya hökuməti qaçqınların ölkəyə gəlməsinin və ailələrin birləşməsinin qarşısını almaq üçün “müvəqqəti sığınacaq böhranı qanunu”nu qəbul etməyə hazırlaşır. Son vaxtlara qədər Hollandiyaya gələn ukraynalı qaçqınlar Utrextdəki müvəqqəti qaçqınların qəbulu mərkəzinə müraciət edərək daimi yer tapana qədər orada gözləyirdilər. Utrext Təhlükəsizlik Bölgəsi ukraynalı qaçqınlara məktublar göndərərək onlardan qalmağa yer tapmağı xahiş edib.  “Əgər bu mümkün deyilsə, şansınızı başqa ölkədə sınamağı tövsiyə edirik”, - məktubda deyilir. Utrext meri Şaron Dijksmanın sözlərinə görə, Hollandiyanın digər bələdiyyələrində qalmağa yer olmadığından ukraynalı qaçqınlara başqa ölkə tapmağı tövsiyə ediblər. Ölkəyə gələn qaçqınların sayının çox olması səbəbindən Hollandiyadakı sığınacaq mərkəzlərinin tamamilə dolu olduğu açıqlanıb. Bu səbəbdən qaçqınların bir hissəsi kruiz gəmilərində və otellərdə yerləşdirilir. Hollandiyaya gələn sığınacaq axtaranlar sığınacaq müraciətləri rəsmi qəbul edilənə qədər məcburi olaraq müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılır.

Mənbə: BBC news
Nərgiz Orucova