Bakıda təcili tibbi yardım həkiminin boğazına bıçaq çəkilib

Bölmə: Hadisə › ,
Tarix: 13:38 07.07.2015

Hadisə iyulun 5-i gecə radələrində Xəzər rayonu Binə qəsəbəsi Yeni Sahə adlanan ərazidə baş verib.

Paytaxtın  10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib. Bu barədə  İnfarmator.az saytına  həkimin bacısı Günel Şahmalıqızı məlumat verib.

 Onun sözlərinə görə, çağırış  zamanı əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib və xəstənin vəziyyəti normallaşıb.  Lakin xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini əsas gətirərək Şəfəq Alıyevanın boğazına  arxadan bıçaq dirəyərək, onu öldürməklə hədələyib və təhqir edib.  Eyni zamanda tibb bacısının üzərinə də bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal “102” xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. Cahangir Əliyev onların dalınca stansiyaya gələrək yenidən hədə-qorxu gəlib.

Hazırda faktla bağlı Xəzər rayon Polis İdarəsinin ikinci bölməsində araşdırma aparılır. Təcili tibbi yardım həkimlərinin təhlükəsizliyi ilə bağlı dəfələrlə məsələ qaldırlsa da , indiyədək problemin həlli ilə bağlı heç bir ölçü götürülməyib.