Kitab tərcümələrindəki səhvlər -Tərcüməçilərin içində olduğu çətinliklər

Bölmə: Sosial › ,
Tarix: 18:52 16.12.2024

Kitab tərcümələri fərqli dillərdə yazılmış ədəbiyyatın digər dillərə və mədəniyyətlərə çatdırılması üçün vacib bir vasitədir. Lakin bəzi tərcümələr keyfiyyət baxımından qeyri-dəqiq və ya yanlış olur, bu da əsərin orijinal mənasının itirilməsinə səbəb olur.

 

Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru , dosent Gülarə Əmirova "informator.az"a açıqlamasında bildirib ki, bir dildən digərinə hər hansı bir əsəri, mətni tərcümə etmək, fikirləri düzgün, mənalı şəkildə ötürmək olduqca çətin və mürəkkəb prosesdir:

 

“Bu prosesdə leksik vahidlər və cümlələr yalnız sadə şəkildə hərfi tərcümə edilməli deyil, həm də orijinal mətnin mənası, strukturu və üslubu da qorunmalıdır. Tərcümə prosesində mütərcim yalnız mükəmməl dil biliklərinə sahib olmamalı, həm də əsərin müəllifinin məqsədini düzgün başa düşməli, mədəniyyətlərarası fərqləri doğru qiymətləndirməyi bacarmalı, yaradıcı və analitik düşünmə qabiliyyətinə malik olmalıdır. Tərcümənin əsas şərtlərindən biri söz və ya ifadələrin düzgün qarşılıqlarının tapılmasıdır. Belə ki, bəzi dillərdəki müəyyən istilahları başqa bir dilə birbaşa tərcümə etmək çox vaxt mümkün olmur. Tərcüməçi uyğun qarşılıq tapmağa çalışsa da, bəzən orijinal mənanı tam əks etdirməyə çətinlik çəkir. Məsələn: ingilis dilindəki "time flies" ifadəsi Azərbaycan dilində sadəcə "vaxt uçur" kimi deyil, "vaxt tez keçir" kimi ifadə olunmalıdır”.

 

Bəs tərcümədə qeyri-dəqiqliklər, başqa sözlə mənadan uzaqlaşma nə zaman baş verir?

 

“Bu, aşağıdakı hallarda mümkün olur: ədəbi mətnlərdə ironiya, metaforalar və ya söz oyunları başqa dilə çevrilərkən mənaları itir. Tərcüməçilər çox vaxt mədəniyyətlərarası fərqləri nəzərə alaraq əsərin mənasını oxucunun dilinə uyğunlaşdırmağa çalışırlar ki, bu da orijinal mətndəki mənanın itməsinə səbəb olur. Bəllidir ki, hər bir dilin qrammatik quruluşu fərqlidir və buna görə də orijinal mətndəki cümlə strukturlarını tərcümədə qorumaq bəzən çətin olur. Tərcüməçi dillərin qrammatik qaydalarını yaxşı bilmədikdə və ya normalara əməl etmədikdə əsərin dilinin axıcılığını və təbiiliyini saxlaya bilmir. Tərcümə əsərlərində ədəbi dil normalarının pozulduğu hallar da mütərcimin sözügedən normalara yaxşı bələd olmamasından xəbər verir”.

 

Mükəmməl və dolğun tərcümə əsərini necə ərsəyə gətirmək olar?

 

"Öncə bu işlə məşğul olan hər bir şəxs daim öz üzərində işləməli, dil biliklərini artırmaqla yanaşı, elmi-kütləvi, mədəni-ədəbi biliklərini və dünyagörüşünü zənginləşdirməli, tərcüməçiliklə bağlı təlimlərdə fəal iştirak etməlidir. Əgər söhbət elmi, texniki və ya fəlsəfi mətnlərin tərcüməsindən gedirsə, bu zaman tərcüməçinin dil bilikləri ilə yanaşı, konkret elm sahəsi üzrə mütəxəssis olması da vacibdir.
Tərcümə edilmiş mətnlər mütləq peşəkar redaktorlar tərəfindən təkmilləşdirilməlidir. Belə ki, tərcüməçilərin və redaktorların əməkdaşlığı daha dəqiq və gözəl nəticələr verə bilər. Əsərin peşəkar korrektorlar tərəfindən yoxlanılması da zəruridir. Çünki bəzən kiçik imla xətaları da tərcüməçinin nüfuzunu zədələyə, onun peşəkarlığına şübhə yarada bilər”.

 

Məryəm Zaliyeva