Xəzər dənizi tullantılar altında: Ekosistem təhlükədə
Bölmə: Sosial › ,Tarix: 21:20 16.12.2024
“Hazırda Xəzərə su daşıyan çayların əkinçiliyə, suvarmaya cəlb edilməsi nəticəsində yaranan, Xəzərin probleminə çevrilən, suyun azalması məsələsinə Azərbaycan, Rusiya, Qazaxıstan ciddi şəkildə nəzarət edir və həll yolları araşdırılır”.
Bu sözləri “İnformator.az”a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.
Onun sözlərinə görə, Xəzərin ekosisteminin pozulmasının bir çox səbəbləri var:
“Yer üzündə Xəzərdən də çirkli dənizlər var. Dünya okeanında tullantıların miqdarı daha çoxdur. Hər gün milyonlarla ton dünya okeanına tullantılar atılır. Əlbəttə, bu o demək deyil ki, Xəzər dənizi yaxşı vəziyyətdədir. Xəzər dənizi orta səviyədə olan göldür və orta çirklənmiş vəziyyətdədir. Xəzərin əsas çirklənmə səbəbi neftdir və əsas çirkləndiyi dövr 19-cu əsrdən- neftin kəşfindən sonra başlayır. Neft daşımalarında axıdılan tullantılar, neft emalında olan çirklənmələr 20-ci əsrə qədər davam edir. Rusiya işğalından sonra Xəzərin vəziyyəti çox pis vəziyyətə düşüb. Onun ekosistemi əsas zərər gördüyü dövr elə Rusiya imperiyasın Azərbaycanı işğalı dövrüdür. Eyni zamanda 2-ci dünya muharibəsi zamanı da Bakıdan daşınan neft vasitəsilə də yenə də Xəzər çirklənib. Nəticədə də ekosistem ciddi şəkildə pozulub”.
Ekoloq sözlərində, sənaye zavodlarının Xəzərə verdiyi zərərdən də bəhs edib:
“Sovet dövründə Xəzər dənizi sahilində Bakı, Sumqayıtda ağır sənaye, kimya zavodları tikilib və həmin zavodlardan axıdılan tullantılar da Xəzəri çirkləndirib. Bir sözlə, Xəzər dənizi uzun müddət kanalizasiya kimi görülüb. Xəzərin çirklənməsi müstəqillik dönəmində qismən azaldılıb və ciddi nəzarət olunub. Neftdən fərqli olaraq, qaz hasilatından ekosistemə ciddi zərər dəymir. Xəzər dənizinin qorunması müstəqillik dövründən başlayaraq Xəzəryanı 5 dövlətin anlaşması əsasında davam edir".
Ekoloqun sözlərinə görə, hazırda Xəzərin digər problemlərindən biri də suyun azalmasıdır:
"Bu problemin həlli üçün Azərbaycan, Rusiya, Qazaxıstan ciddi şəkildə məşğuldurlar. Suyun azalmasının səbəblərindən biri də Xəzərə su daşıyan çayların suvarmaya, əkinçiliyə cəlb olunması, hidroelektrik stansiyaların və bəndlərin qurulmasının nəticəsində Xəzərin su səviyyəsi getdikcə aşağı düşür. Bu mövzuda beynəlxalq konvensiyalar var. Xüsusilə də yaxın zamanda keçirilən COP29-da bu mövzuya ciddi şəkildə toxunuldu. Eyni zamanda yerli qanunlarla da Xəzər qorunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları da qoruyur. Xəzərin canlı aləminin yox olmasında sadəcə kimyəvi tullantıların deyil, eyni zamanda insan faktorununda böyük rolu var. Qeyri-qanuni ovlanma Xəzərin biomüxtəlifliyini kəskin dəyişib".
Nəzrin İsmayılova