“Bankların verdiyi kreditlərin əsas hissəsi əmanətlərdən formalaşır“

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:49 26.12.2024

Azərbaycanda problemli kreditlər, əhalinin gəlirlərinin azalması və yüksək faiz dərəcələrindən qaynaqlanır. Ekspertlər, kredit faizlərinin endirilməsi və dövlət dəstəyinin lazım olduğunu vurğulayır.

 

Mövzu ilə bağlı İqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda problemli kreditlərin iki əsas səbəbi var:

 

“Birinci səbəb əhalinin son illərdə real gəlirlərinin azalmasıdır. İkinci səbəb isə bankların fəaliyyətlərindəki yüksək faiz dərəcələridir. Çıxış yolları arasında bir sıra strategiyalar mövcuddur, məsələn, daha etibarlı müştərilər cəlb etmək, müştərilərin maliyyə imkanlarını düzgün qiymətləndirmək və kredit faiz dərəcələrini tənzimləmək. Lakin əsas məsələ faiz dərəcələrinin aşağı salınmasıdır. Məsələn, kredit faizlərini 10%-in altına endirmək prioritet məsələdir. Bunun həyata keçirilməsi üçün banklar təkbaşına bu problemi həll edə bilməz. Bankların daha aşağı faizlə kredit verməsi üçün onlara ucuz maliyyə mənbələri lazımdır. Banklar ölkə daxilində məhdud resurslardan və ya xaricdən maliyyə cəlb etməyə çalışsalar da, xarici mənbələrdən ucuz maliyyə əldə etmək həmişə mümkün olmur.

 

Bankların verdiyi kreditlərin əsas hissəsi əmanətlərdən formalaşır. Bank əmanətləri 9-10%-lə qəbul edirsə, bu, kreditlərin baza faizinin də 9-10%-dən başlamasına səbəb olur. Bundan əlavə, bankların inzibati xərcləri – ofis xərcləri, işçilərin maaşları və digər xərclər – də nəzərə alınır. Üstəlik, bankın mənfəət marjası əlavə edildikdə, bu faiz dərəcəsi 12%-ə qədər yüksəlir. Buna görə də hökumətin bu məsələdə dəstək göstərməsi vacibdir. Məsələn, hökumət banklara 3-4%-lik ucuz kreditlər təqdim etsə, həmin vəsaitləri banklar 7-8%-lik kreditlər şəklində müştərilərə verilə bilər. Bu yanaşma kredit faizlərinin tədricən azalmasına səbəb ola bilər”.

 

Ekspert Azərbaycanın aktivlərinin dəyərinin 73 milyard dollar olduğunu və bu vəsaitlərin bir hissəsinin ölkəyə gətirilmədiyini bildirib:


“Son dövrlərdə elan edilib ki, Azərbaycanın aktivlərinin dəyəri təxminən 73 milyard dollar olaraq qiymətləndirilir. Lakin bu vəsaitin bir hissəsi Azərbaycana gətirilmir və kommersiya banklarına ucuz kredit kimi təqdim olunmur. Halbuki həmin aktivlər onsuz da 2-3% və ya hətta daha aşağı gəlir gətirir. Bu vəsaitlərin Azərbaycana gətirilərək banklara 3-5%-lə verilməsi mümkündür. Bu, dövlətin görəcəyi real bir addım ola bilər. Problemli kreditlərin artması isə bank sisteminə ciddi mənfi təsir göstərir. Birincisi, bu, bankların gəlirlərini azaldır. İkincisi, problemli kreditlər bankların aktivlərinin “donmasına” səbəb olur, yəni həmin vəsaitlərdən istifadə etmək mümkün olmur. Bu da birbaşa olaraq bankların mənfəətinə mənfi təsir edir. Banklar problemli kreditlərdən yaranan itkiləri kompensasiya etmək üçün digər müştərilərin kredit faizlərini artırır. Nəticədə, bütün maliyyə sistemində kreditlər daha da bahalaşır və bu, iqtisadiyyata mənfi təsir edir”.

Xanım Ağamalıyeva