Rusiya məğlub olmayacaq, çünki...-Orban

Tarix: 23:31 10.07.2025
Ukrayna və Avropa Birliyi Rusiya ilə silahlı münaqişədə uduzub, çünki o, nüvə dövləti olduğu üçün onu məğlub etmək mümkün deyil.Bu açıqlama ilə Macarıstan Baş naziri Viktor Orban çıxış edib.O qeyd edib ki, AB liderləri hələ də Ukraynada hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır və birliyin 27 üzvündən yalnız Macarıstan və Slovakiya sülhə çağırır.Bununla belə, Orban hesab edir ki, Avropa liderləri səhv strategiya izlədiklərini və buna görə də məğlub olduqlarını etiraf etməlidirlər:“Düşünürəm ki, Avropa Birliyi artıq bu müharibəni uduzub. Ukrayna da cəbhədə bu müharibəni uduzub”.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Viktor Orbanın Rusiya ilə bağlı mövqeyini anlamaq üçün əvvəlcə bu mövqeyin əsaslandığı səbəbləri izah etmək vacibdir:
“Orban çox yaxşı anlayır ki, Macarıstanın enerji təhlükəsizliyi və iqtisadi-sosial rifahı birbaşa şəkildə Rusiyadan gələn enerji ilə bağlıdır. Əgər bu enerji axını dayansa, ölkənin daxilində ciddi boşluqlar yarana bilər. Məsələn, İtaliya kimi ölkələr Azərbaycan nefti və digər mənbələrdən aldığı enerji ilə ehtiyatlarını paralelləşdirib və alternativlər formalaşdırıb. Lakin Macarıstanda bu proses kifayət qədər zəif gedir.Buna görə də Macarıstan bu gün də Rusiya enerji resurslarına birbaşa möhtac vəziyyətdədir. Fransa, İngiltərə və Almaniya da Rusiya enerjisinə ehtiyac duysa da, onların əlində ABŞ və Ərəb ölkələri kimi alternativlər var. Bu isə həmin dövlətlərə Rusiyaya qarşı daha cəsarətli siyasət aparmaq imkanı verir. Macarıstan isə belə alternativlərə sahib deyil.Məhz buna görə Orban, ən azından enerji təhlükəsizliyini təmin edənə qədər, Rusiya ilə münasibətləri pozmamağa çalışır. O, yaxşı bilir ki, əgər Avropa-Rusiya qarşıdurması Ukrayna sərhədlərini aşarsa, Rusiya enerji ixracını tam dayandıra bilər və ya əhəmiyyətli dərəcədə azaldar. Bu isə ilk növbədə Macarıstanın iqtisadiyyatına və xalqın sosial həyatına ciddi zərbə vurar.Bu kontekstdə Macarıstan, əslində, “təcavüzkarı sakitləşdirmək” siyasətini yürüdür. Yəni, məqsəd nə Avropaya xəyanət etmək, nə də Rusiyanın siyasətini dəstəkləməkdir. Məqsəd, mövcud münaqişəni minimum itki ilə başa çatdırmaq və ölkənin maraqlarını qorumaqdır.Ancaq burda bir ziddiyyət yaranır: tarix də göstərir ki, təcavüzkara güzəştə getmək, onu sakitləşdirmək deyil, əksinə, onu daha da cəsarətləndirir. Orban təcavüzkarı sakitləşdirmək siyasəti yürütməklə əslində onun qarşısında geri çəkilmiş olur. Bu isə Putinin daha sərt addımlar atmasına şərait yaradır”.
Siyasi şərhçi qeyd edib ki, Orbanın “Rusiyanı məğlub etmək mümkün deyil” fikrinə gəldikdə isə, burada yalnız bir nöqtədə razılaşmaq mümkündür:
“Rusiyanın nüvə dövləti olması. Bəli, nüvə silahına sahib ölkələrə qarşı konvensional savaş aparmaq ciddi risklər daşıyır. Nüvə gücünə sahib olmaq, həmin ölkəyə qarşı sərhədlər daxilində hərbi əməliyyatların qarşısını almaq üçün bir növ “sığorta”dır.Lakin “məğlubiyyət” anlayışına yanaşma tərzi burada mühümdür. Orban “məğlubiyyət” deyərkən yalnız hərbi sahəni nəzərdə tutursa, bu, dar yanaşmadır. Çünki bugünkü münaqişələr yalnız hərbi yox, həm də iqtisadi, siyasi və informasiya sahəsində gedir.Rusiya Ukraynada bəzi əraziləri işğal edib və hərbi baxımdan müəyyən üstünlüyə sahibdir. Ancaq strateji baxımdan Rusiya çoxdan uduzub. Bu, xüsusilə ABŞ-lə müqayisədə aydın görünür. Ukraynaya hərbi müdaxilə etməklə Rusiya özünü bir bataqlığa salıb. Nə Afrika siyasətində, nə Cənubi Qafqazda, nə də Asiyada ciddi nəticələr əldə edə bilir. Çin yüksəlməkdədir, Rusiya isə zəifləyir.
ABŞ və müttəfiqləri Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla onun neft satışını çətinləşdirib. Neftin tavan qiymətlə satılması və bazarın itirilməsi Rusiya iqtisadiyyatına hər gün milyonlarla dollar zərər vurur. Müharibənin uzanması bu yükü daha da artırır və əhalinin rifah halını aşağı salır. Vaxt keçdikcə valyuta ehtiyatları tükənə bilər və bu da daxili narazılıqlar doğura bilər.Başqa sözlə, Rusiya hərbi cəhətdən qalib gəlməyə çalışsa da, strateji müharibədə uduzmuş durumdadır. ABŞ bu münaqişəni idarə edir, müttəfiqləri ilə birlikdə Rusiyanın milli maraqlarını sıxışdırır, iqtisadiyyatını zəiflədir”.
Həşim Səhrablı açıqlamasında bildirib ki, Avropa İttifaqının bu müharibədəki səhvlərinə gəlincə, onların seçim imkanları çox olmayıb:
“Şərq sərhədlərində baş verən hərbi təcavüzə reaksiya verməmək mümkün olmayıb. Bu səbəbdən Avropa iqtisadi və enerji maraqlarını bir kənara qoyaraq təhlükəsizlik məsələlərini önə çəkməyə məcbur qalır.Bəli, Avropa ABŞ-nin liderliyinə güvənərək, öz müstəqil təhlükəsizlik sistemini zamanında qura bilməyib. SSRİ dağıldıqdan sonra ABŞ mərkəzli təhlükəsizlik modeli formalaşıb. Avropa isə öz resurslarını əsasən sosial sahələrə yönəldib. Nəticədə ordular zəifləyir, ölkələr Amerikanın müdafiəsinə möhtac vəziyyətə düşür və əsl səhv burada baş verir”.
Siyasi şərhçi son olaraq Macarıstan və Slovakiyanın sülh çağırışları Avropa İttifaqında parçalanmaya səbəb olması haqqında açıqlamasında bildirib:
“Avropa Birliyi ideyası Macarıstan və Slovakiya kimi ölkələr tərəfindən formalaşdırılmayıb. Bu ideya tarixən Fransaya, Almaniyaya, İtaliyaya və İngiltərəyə aiddir. Avropa Birliyi bu dövlətlərin siyasi iradəsinə söykənir.Ona görə də Macarıstan və ya Slovakiya kimi ölkələrin fərqli mövqe tutması İttifaqın dağılması demək deyil. Əgər bu dövlətlər İttifaqın əsas siyasətindən ciddi şəkildə kənara çıxarsa, Avropa ya qərar qəbul mexanizmini dəyişəcək (səs birliyi yerinə səs çoxluğu tətbiq olunacaq), ya da həmin dövlətlər İttifaqdan uzaqlaşdırıla bilər.Hüquqi baxımdan bu addım mübahisəli sayılsa da, son illərdə beynəlxalq hüququn güc və təzyiq əsasında işləməsi belə ehtimalları mümkün edir.Nəticə olaraq, Macarıstan və Slovakiyanın mövqeləri Avropa İttifaqında fikir ayrılıqları yarada bilər, lakin bu hələ parçalanma demək deyil. Qlobal gərginliyin artması İttifaq daxilində də çatların yaranmasına səbəb ola bilər. Avropanın gələcək taleyi isə əsas dövlətlərin – Fransa, Almaniya, İtaliya və İspaniyanın – birliyə nə qədər sadiq qalacağından asılı olacaq.Əgər bu dövlətlər ümumi Avropa təhlükəsizliyini ön planda saxlayıb, birlik ruhunu – Vestfalya ruhunu – yaşada bilsələr, Avropa Birliyi davam edəcək. Əks halda, təkcə zəifləmə deyil, parçalanma riski də qaçılmaz olacaq”.
Mahmudlu Ləman