Qaz Limitləri və Coğrafi Fərqləndirmə
Bölmə: Sosial › ,Tarix: 19:39 27.12.2024
Siyavuş Novruzov: Azərbaycanda ərazilərdən asılı olaraq fərqli qaz limitinin tətbiqi təklif olunmalıdır.
Mövzu ilə bağlı olaraq iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında bildirib ki, əgər limit ləğv olunsa, qazın qiymətləri bahalaşacaq. Hökumət bu 3 mərhələli sistemlə qazın istifadəsini tənzimləyərək kasıb vətəndaşların daha çox qaz işlətməsinin qarşısını alır. Limit ləğv olunarsa, aşağı tariflərin saxlanılacağını düşünməməliyik:
“Deputatlardan biri qaz limitinin ləğvini təklif edir, digəri isə ərazilər üzrə fərqli limitlərin tətbiqini müdafiə edir. Azərbaycanda kəskin iqlim fərqi yoxdur; ölkə üzrə temperatur dəyişməsi təqribən 3-5 dərəcə arasında olur. Mən Azərbaycanın coğrafi iqlim xüsusiyyətlərinə əsaslanaraq Siyavuş Novruzovun bu məsələni bu cür diferensiallaşdırmasının tərəfdarı deyiləm.
Ümumiyyətlə, limitin ləğvi fikri ilə də razı deyiləm. Əksinə, yeni bir tarif sistemi tətbiq ediləcək və bu zaman kasıb təbəqə varlıların yükünü çəkməli olacaq. Həmçinin qaz limitlərinin coğrafi fərqləndirilməsini də düzgün hesab etmirəm. Bunun dövlət büdcəsinə və enerji xərclərinin optimallaşdırılmasına ciddi təsiri olmayacaq. Siyavuş müəllim Naxçıvanda yaşadığı və orada qış daha sərt keçdiyi üçün belə bir təklif irəli sürüb. Ən yaxşı həll insanların gəlirlərini artıracaq təkliflərin irəli sürülməsidir ki, onlar qaz pulunun ödənilməsində çətinlik çəkməsinlər. Ölkənin coğrafiyası elə də kəskin fərqlilik göstərmir ki, hər rayon üçün ayrıca sayğaclar qoyulsun. Bu, həm inzibatçılıq baxımından çətinlik yaradacaq, həm də idarəetmədə problemlərə səbəb olacaq”.
Ləman Ağayeva