Konstitusiya və Suverenlik İli- Hüquqi Dövlət Quruculuğunda Yeni Perspektivlər və Sosial İslahatlar

Tarix: 21:17 28.12.2024
Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə sərəncam imzalanıb. Həmçinin, dövlət büdcəsi təsdiqlənib və maaşlar, pensiyalar, müavinətlərin artırılması üçün nəzərdə tutulan vəsait açıqlanıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “informator.az”a açıqlamasında bildirib ki, mən arzu edirəm ki, Azərbaycanda ‘Konstitusiya və Suverenlik İli’ndə qanunların aliliyi təmin edilsin, hüquqi dövlətin qurulması istiqamətində mühüm addımlar atılsın. Ədaləti müdafiə edən və müstəqil məhkəmələr formalaşdırılsın:
“Məlumdur ki, 30 ilə yaxın, 2020-ci ilə qədər, Azərbaycan torpaqlarının 20 faizi düşmən işğalı altında idi. Torpaqlarımız geri alındıqdan sonra ölkədə həm parlament, həm də prezident seçkiləri keçirildi. Bu proseslər tamamlandıqdan sonra, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi qərara alınıb. Mən arzu edirəm ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”ndə qanunların aliliyi təmin edilsin, hüquqi dövlətin qurulması istiqamətində mühüm addımlar atılsın. Ədaləti müdafiə edən və müstəqil məhkəmələr formalaşdırılsın. Bu, bütün Azərbaycan xalqının arzusudur”.
İqtisadçı əlavə olaraq bildirib ki, Minimum əmək haqqı və pensiya da artırılıb:
“Minimum pensiya və minimum əməkhaqqı artırılıb.
Minimum əməkhaqqı tarif cədvəlində 1-ci sırada dayanır və ondan sonra 18 kateqoriya gəlir. Minimum əməkhaqqı artırıldıqda, bu, cədvəldəki digər 18 kateqoriyada olan əməkhaqlarına da təsir göstərir. Bu artımlar nəticəsində büdcədən maliyyələşən işçilərin maaşlarının təxminən 12-14 faiz artacağı gözlənilir. Bununla yanaşı, əmək pensiyaları da indeksasiya ediləcək. Nəzərdə tutulur ki, 3 ay sonra əmək pensiyalarına əlavə artımlar tətbiq edilsin. Eyni zamanda, minimum istehlak səbətinin göstəriciləri də müəyyən qədər artırılacaq. Bu dəyişikliklər sosial rifahın yaxşılaşdırılmasına xidmət edəcək mühüm tədbirlərdir”.
Ləman Ağayeva