Müasir Dövrdə Ana Olmaq: Gecikmənin Səbəbləri və Təsirləri

Bölmə: Sosial › ,
Tarix: 13:10 11.03.2025

Müasir dövrdə qadınların ana olmaq qərarını gecikdirmələrinin bir çox səbəbləri mövcuddur. Bu, əsasən iqtisadi, sosial, psixoloji və bioloji faktorlarla bağlı ola bilər. 

 

Psixoloq Fatimə Hacıyeva "informator.az"a bildirib ki, münasibətlərdə sabitliyin olmaması isə bu məsələnin əsas səbəblərindən biridir:

 

"Bəzi qadınlar, uyğun həyat yoldaşı tapmaq üçün daha çox vaxt sərf edirlər. Bu da qadınların boşanma hallarının artmasına və daha ehtiyatlı olmasına səbəb olur. Münasibətdə sabitlik olmadığı müddətcə, qadınlar dünyaya uşaq gətirməyi bir yük kimi qəbul edirlər.

Bir digər səbəb isə fərdi inkişaf və azadlıq ehtiyacıdır. Qadınlar tez-tez səyahət etmək, maraqlarına vaxt ayırmaq və yeni şeylər öyrənmək istəyirlər. Bu halda, uşaq sahibi olmaq bu prosesə maneə törədə bilər. Təbii ki, dəstək olan biri olduğu zaman bu çətinliklər daha az hiss olunur. Bir qadın və ya kişi, məsuliyyətini dərk etdikdə, valideynlik qərarı daha asan olur”.

 

Sosioloq Mətanət Məmmədovanın fikrincə, gec ana olmaq istəyənlər əsasən karyera qurmaq arzusunda olanlardır:

 

"Çox vaxt qadınlar iş həyatında yüksəlmək, peşəkar uğurlar qazanmaq istəyirlər. Ailəni qursalar belə, uşaq sahibi olmağı bir müddət ləngidirlər. İkinci səbəb isə sosial məsələlərlə əlaqədardır. Gənclərin çoxu hələ də kirayədə yaşayır və ev, iş kimi əsas məsələlərini həll etməyə çalışırlar. Bu səbəbdən də ailə olaraq, uşağın gec dünyaya gəlməsinin daha məqsədəuyğun olduğunu düşünürlər”.

 

 Sosioloq qeyd edib ki, uşağın dünyaya gəlməsini təxirə salmaq özlüyündə doğru deyil:

 

 "İnsan ailə qurubsa, uşağın doğulması da təbii və normal bir haldır. Bu prosesi ləngitmək, uzun müddətə təxirə salmaq doğru olmaz. Həmçinin, qadın ailə qurduqdan sonra öz karyerasını davam etdirə bilər. Ailənin qurulması və uşağın dünyaya gəlməsi, qadının peşəkar fəaliyyətinə mane olmamalıdır.

Gec ana olmaq həm dini, həm də sağlamlıq baxımından düzgün deyil. Sağlamlıqla bağlı, yaş artdıqca hamiləlik və doğuşla bağlı risklər artır. Dini cəhətdən də, ailənin qurulması və uşağın dünyaya gəlməsi Allahın bəxş etdiyi təbii bir prosesdir və buna mane olmaq, ya da gecikdirmək düzgün sayılmır".

 

Beləliklə, hər bir qadın ailə qurub uşağa sahib olmaqla yanaşı, həm də öz həyatını balanslı şəkildə qurmağa çalışmalıdır.

 

 

Çinarə Tarverdiyeva