Təqaüd proqramları oğlanların müəllimliyə marağını artıra bilərmi?

Bölmə: Sosial › ,
Tarix: 21:18 24.07.2025

Müəllimlik ixtisaslarına oğlanların marağının az olması son illər təhsildə gender balansı mövzusunu gündəmə gətirib. Bu sahədə balansı təmin etmək və oğlanları pedaqoji sahəyə cəlb etmək məqsədilə Bakı Slavyan Universiteti yeni təşəbbüs irəli sürüb. Universitet 2025/2026-cı tədris ili üzrə “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olan və 450-dən yüksək bal toplayan oğlan tələbələrə aylıq 200 manat təqaüd verəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki,oğlanların bu sahəyə marağının olmamasının səbəbi hazırda birinci növbədə müəllimlərin məvacibinin müəyyən qədər aşağı olmasıdır:

 

"Digər peşələrlə müqayisədə bu, dünyanın bir çox ölkəsində bu formadadır. Ona görə dəambisiyalı olan oğlanlar bu sahəyə yönəlmək istəmirİkincisi, bu işin təbiəti səbr gərəkdirir, yəni müəllimlik səbrli olmaq peşəsidir — insanla işləməlisən, insanın qayğısına qalmalısan. Bir mənada, əgər azyaşlıdırsa, nazıyla oynamalısan. Bir çox zaman şagirdlər üçün müəllimlər sadəcə müəllim deyil, eyni zamanda valideynin mövqeyində, dostun mövqeyində olurlar. Bunu da hər kişi cinsinin nümayəndəsi bacarmaz. Ona görə də oğlanların bir çoxu "mənim səbrim çatmaz" deyib müəllimlikdən boyun qaçırır.

 

Üçüncü səbəbi — hələ keçmişdən bu yana, qadınlar ali təhsil almağa başladığı zaman, qadınların müəllimlik peşəsinə daha uyğun olduqları düşünülüb. Bu bir ön qəbuldur, bir stereotipdir. Çünki düşünüblər ki, madam evdə uşağın tərbiyəsi və qidalanması ilə qadın məşğul olur, məktəbdə də onun tərbiyəsi və inkişafı ilə qadın daha yaxşı məşğul ola bilər. Keçmişdə ilk müəllimlər kişilər idi, çünki qadınların çoxu ali təhsilli deyildi. Amma qadınlar ali təhsil almağa başladığı zaman bu balans pozulub. Artıq qadınlar müəllimlik peşəsində daha çox görünməyə başlayıb".

 

Həmçinin ekspert bildirib ki,təqaüd proqramları müəllimlik peşəsinə maraqları artırmaqda müəyyən qədər kimlər üçünsə effektiv ola bilər, amma qeyd etdiyim kimi, bir çox abituriyent yenə öz istədiyi ixtisası seçəcək:

 

"Oğlanlar niyə mühəndislik seçir? Çünki oğlanlar beyin etibarilə daha rasionaldır. Onların zəka növü, eyni zamanda temperamenti insanlarla işləməyə yox, daha çox əşyalarla işləməyə uyğun gəlir. Ona görə də insanlarla az ünsiyyətdə, münasibətdə olduqları peşələrə yönəlirlər. Amma düşünürəm ki, məvaciblər yüksəlsə, bu mənzərə dəyişə bilər. Yəni bir çox oğlan abituriyent artıq bu peşəyə yönələ bilər".

 

Nigar Həsənzadə



Bölmədən digər xəbərlər
QHT “Kənd sağlamlığı günləri” adlı seminar keçirib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.