Küçə sorğularında müsahibə verməkdən niyə yayınırlar?

Tarix: 21:56 11.03.2025
Küçə sorğuları zamanı müşahidə olunur ki, insanlar kameradan və müsahibələrdən yayınırlar. Bu halın psixoloji cəhətdən müxtəlif izahları var.
Bu mövzuda ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, insanlar tərbiyə olunduqları mühitdə, uşaqlıqdan o qədər iradlarla qarşılaşıblar ki — "düz otur", "düz danış" və ya "sən bunu yaxşı oxumadın", "düzgün demədin" və s. bundan qaynaqlanır:
"Beləliklə, özgüvənsizlikdən dolayı bəzən ən adi suala kamera qarşısında cavab vermək, yaxud üç-dörd cümlə danışmaq belə çətin olur. Bu tip həyəcanlı və təşvişli insanlar düşünürlər ki, nəyisə səhv deyəcəyəm, çaşacağam və s. Nəticədə özlərini ifadə etməkdə çətinlik çəkirlər.
Bunların psixoloji izahı odur ki, təşviş və həyəcan pozuntusu olan insanlarda özgüvənsizlik daha çox rast gəlinir. Həmçinin onların çoxumükəmməlliyyətçiliyə meyillidir. Məhz bu mükəmməlliyyətçi insanlar düşünürlər ki, nəyisə düz demərəm, dediklərimdə səhv olacaq, insanların mənim haqqımda necə düşünəcəyi məlum deyil və buna görə də kamera qarşısında müsahibə verməkdən yayınırlar.
Təbii ki, əgər biz nitqimizi düzəltmək üçün özümüzə imkan yaratsaq, diksiyamızı inkişaf etdirsək, özgüvənimizi artıracaq addımlar atsaq və bacarıqlarımızı inkişaf etdirsək, kamera önündə müsahibə vermək bizim üçün heç bir çətinlik yaratmaz. Əksinə, kamera qarşısında müsahibə verdikcə insanın özgüvəni daha çox artır və o, öz danışıq bacarığına daha çox güvənməyə başlayır", — deyə psixoloq qeyd edib.
Nigar Həsənzadə