Bəşir Səfəroğlu - 100 il!

Bölmə: Sosial › ,
Tarix: 21:57 11.03.2025

Bu gün, 11 mart 2025-ci il tarixində görkəmli Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100 illiyi qeyd olunur. O, 1925-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub.

 

Gənc yaşlarından sənətə maraq göstərən Bəşir Səfəroğlu 9 yaşında Cəfər Cabbarlının "Sevil" əsərində Gündüz rolunu canlandıraraq səhnə fəaliyyətinə başlayıb. İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanıb və 1942-ci ildə ağır yaralanaraq geri qayıdıb. Müharibədən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib və burada Üzeyir və Zülfüqar Hacıbəylinin klassikoperettalarında, eləcə də müasir dramaturqların musiqili komediyalarında müxtəlif xarakterli, satirik və yumoristik rollar oynayıb.

 

Bəşir Səfəroğlu həmçinin Azərbaycan kinosunda da yadda qalan obrazlar yaradıb. Onun rol aldığı filmlər arasında "Əhməd haradadır?" filmində sərxoş Əhməd, "Ulduz" filmində isə professor Gülümşərov kimi rolları xüsusilə sevilib.

 

Sənətkarın əməyi yüksək qiymətləndirilib: 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Təəssüf ki, Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə, 44 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Onun xatirəsi bu gün də yaşayır. Məsələn, 6 mart 2025-ci il tarixində Qubada onun 100 illik yubileyi münasibətilə tədbir keçirilib və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorun qızı, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" tamaşasını təqdim edib.

 

Bəşir Səfəroğlunun sənəti Azərbaycan mədəniyyətində əbədi iz qoyub və onun yaratdığı obrazlar bu gün də tamaşaçıların qəlbində yaşayır.

 

Nigar Həsənzadə