Ölüm cəzası hüquq sisteminin ədalətliliyinə zərər verə bilər

Tarix: 20:11 11.03.2025
Hüquqşünas Şamil Paşayev “İnformator.az”a açıqlamasında ölüm cəzasının yenidən tətbiqinin hüquq sisteminə mənfi təsir edəcəyini bildirib. Onun sözlərinə görə, dövlətin əsas funksiyası insanların yaşamasını təmin etməkdir:
“Dövlət insanları yaşatmaq üçündür. Yaşamaq, bir-birinin hüququna hörmət etmək, birinin digərinin haqqını qəsb etməməsi və bundan müdafiə üçündür. Qanunlar isə bu məsələləri tənzimləmək üçün olan vasitələrdir. Hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Beynəlxalq hüquq, xüsusən də Avropa hüququ ölüm cəzasına müsbət yanaşmır. Çünki ölüm cəzası bəzi hallarda müstəsna cəza tədbiri kimi nəzərdə tutulur. Ümumilikdə beynəlxalq hüquq da ölüm cəzasının leyhinə deyil”.
Hüquqşünasın fikrincə, cəzanın əsas məqsədlərindən biri məhkumun islah olunmasıdır. Lakin ölüm cəzası bu məqsədə xidmət etmir:
“Cəza sosial ədalətin bərpasıdır. Məhkumun, şəxsin islah edilməsi və yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi ilə keçirilir. Cəzanın məqsədlərindən biri məhkumun islah edilməsidir. Ölən insanı islah etmək mümkün deyil. Eyni zamanda burada iki prinsip rəqabətə girir: Sosial ədalətin bərpa edilməsi və yeni cinayətin törədilməsinin qarşısını almaq. Azərbaycan və xüsusən Şərq ölkələrində ölüm hökmünün pis fəsadları ola bilər. Ona görə bu lüzumsuzdur”.
Şamil Paşayev qeyd edib ki, ölüm cəzasının tətbiqi cinayət hadisələrinin azalmasına səbəb olmur:
“Ölüm cəzası cinayətləri azaldacaq deyə düşünmək doğru deyil. Əgər cəzanı sərtləşdirdikcə cinayət olmayacaqdısa, o zaman ən xırda cinayətlərə belə ömürlük azadlıqdan məhrumiyyət cəzası qoyardılar və yeni cinayət törədilməzdi. Ancaq xeyr, bu belə deyil. Belə olmadığına görə də, cəzanı sərtləşdirməklə biz cinayət hadisələrinin azalmasını müşahidə edə bilməyəcəyik. Ölüm cəzasının yenidən tətbiqi hüquq sisteminin ədalətliliyini və effektivliyini artırmaz, əksinə azaldar. Çünki ədalətsiz hökm çıxarsaq, gələcəkdə bunu bərpa etmək mümkün olmayacaq”.
Asiya Zeynallı