Kütlə psixologiyası fərdi düşüncəyə necə təsir edir?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 20:15 12.03.2025

"Kütlə psixologiyası hər bir cəmiyyətin milli dəyərləri və mentalitetinə əsaslanır və universal xarakter daşıyır".

 

Bu sözləri "informator.az"a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova söyləyib. Psixoloq insanların niyə kütlənin təsirinə düşməyə meyilli olmasından da bəhs edib:

 

"İnsan psixologiyası təbii olaraq özünü qoruma instinktlərinə söykənir: ölüm təhlükəsindən qaçmaq, xəstəliklərdən uzaq olmaq, sosial adaptasiya və digər fundamental bioloji və psixoloji mexanizmlər kütləvi davranışın əsaslarını formalaşdırır. Kütləvi psixologiya içərisində fərdi düşüncə tərzinə sahib olan şəxslər də mövcuddur. Onlar kütlənin təsirinə qarşı müqavimət göstərmək potensialına malikdirlər. Lakin kütlə ümumiyyətlə say üstünlüyünə və kollektiv təsir gücünə malik olduğu üçün fərdi düşünən şəxslər çox zaman cəmiyyətin ümumi axınına uyğunlaşmağa məcbur qalırlar. Bu hal kütləvi davranışın psixoloji təsir qanunauyğunluqları ilə izah olunur. Xüsusilə, bir faktor və ya fenomen kütlənin diqqətini cəlb edirsə, həmin fenomen istər-istəməz cəmiyyətdə geniş yayılır və fərdlərin böyük əksəriyyəti həmin təsirə tabe olur".

 

Aynur İsmayılovanın sözlərinə görə, kütlə psixologiyasının əsas mexanizmlərindən biri ailə institutunun təsiridir:

 

"İnsanlar doğulandan etibarən valideynlərinin və onlara yaxın olan şəxslərin davranış nümunələrini mənimsəyirlər. Ata-ana və nəsil bağlılığı yüksək olan cəmiyyətlərdə kütləvi təsir daha güclü olur. Bunun səbəbi, sosial öyrənmə prosesinin uşaqlıqdan başlayaraq insanın düşüncə tərzinə təsir etməsidir. Beləliklə, fərd nə qədər fərdi düşüncə tərzinə malik olsa da, kütləvi dəyərlərlə formalaşmış sosial mühitə uyğunlaşmağa məcbur qalır. Lakin kütlə psixologiyasının təsirindən tamamilə yayınmaq mümkün olmasa da, bu təsirin miqyasını azaltmaq və fərdi düşüncə tərzini qorumaq mümkündür. Bunun üçün insan müəyyən bir intellektual və düşüncə inkişaf səviyyəsinə çatmalıdır. Yüksək intellektual səviyyəyə və analitik düşüncə bacarığına sahib olan şəxslər kütlənin təsirindən daha az asılı olur və fərdi qərarlar qəbul etmək qabiliyyətini inkişaf etdirirlər".

 

Fatimə Abdulrəhimli



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.