Google-un alqoritm dəyişikliyi Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək

Tarix: 20:54 19.03.2025
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyası cümə axşamı Google-un alqoritm dəyişikliyi və onun nəticələrini müzakirə etmək üçün toplanacaq.
Google-un media dünyasını formalaşdırmasına icazə verməyəcəklərini vurğulayan Yayman, 2024-cü ildə edilən qeyri-şəffaf alqoritm dəyişikliklərinin nəşriyyatçılar üzərində ciddi təzyiq yaratdığına diqqət çəkib.
Yaymanın sözlərinə görə, edilən dəyişikliklərlə bəzi xəbər saytlarının “kəşf” trafikinin tamamilə sıfıra endirildiyi halda, müəyyən platformalara imtiyazlar verilib. Bu vəziyyətin rəqabət mühitini pozduğunu və ictimaiyyətin xəbər almaq azadlığını təhlükə altına atdığını bildirib.
“Birtərəfli qərarlar media qurumlarını çətin vəziyyətə salıb”
Rəqəmsal medianın qərəzsiz və ədalətli olması lazım olduğunu vurğulayan Yayman deyib:
"Google-un qəbul etdiyi birtərəfli qərarlar media qurumlarını çətin vəziyyətə salır və bu vəziyyət artıq tolerantlıq həddini aşıb. Müstəqil və yerli xəbər mənbələri rəqəmsal platformada görünməz hala gətirilərkən, bəzi media qurumlarına imtiyazlar verilir. Bu, yalnız rəqəmsal medianın problemi deyil, həm də özbaşınalıqdır. Öz müqəddəratını təyin etmək istəyənlərin haqqını onlardan almaq olmaz", – deyə bildirib.
Google-un siyasətlərinin təkcə Türkiyədə deyil, bütün dünyada böyük narahatlığa səbəb olduğunu qeyd edən Yayman, bu cür monopoliyaya qarşı qlobal miqyasda mübarizə aparılmalı olduğunu bildirib.
“Media müxtəlifliyinə və müstəqil jurnalistikaya təhlükə yaradan siyasətlərə son qoyulmalıdır”
Komissiya sədri Yayman media qurumlarının Google-a qarşı tək qalmaması lazım olduğunu vurğulayıb və bunları deyib:
"Google alqoritm dəyişiklikləri ilə bağlı şəffaf olmalı və nəşriyyatçılara ədalətli yanaşma nümayiş etdirməlidir. Rəqabətə zidd tətbiqlər dayandırılmalı və bütün xəbər saytlarına kəşf sahəsində bərabər imkanlar verilməlidir. Rəqəmsal platformalar media müxtəlifliyini və müstəqil jurnalistikanı təhdid edən siyasətlərinə dərhal son qoymalıdır. Biz Google-un ictimai medianı çətin vəziyyətə salan siyasətlərinə qarşı açıq mövqe nümayiş etdirəcəyik. Prosesi yaxından izləyəcək və lazımi qaydalar tətbiq ediləcək".
Yayman, TBMM Rəqəmsal Media Komissiyasının cümə axşamı Google-un alqoritm dəyişikliyini və onun nəticələrini müzakirə etmək üçün toplanacağını bildirib.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva