Tramp administrasiyası dövründə Türkiyənin ABŞ-yə ilk rəsmi səfəri

Bölmə: Dünya › ,
Tarix: 21:41 24.03.2025

Xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ilk rəsmi səfərini ABŞ-yə edəcək. Nazir Fidan martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək. Gündəmdə Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq.

 

Türkiyə-ABŞ ikitərəfli münasibətlərində atılacaq addımlar və dövlət başçıları səviyyəsində səfərlərə hazırlıq...

 

Xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ilk dəfə ABŞ-yə rəsmi səfər edəcək.

 

Nazir Fidan martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

 

Fidanın gündəmində müdafiə sənayesində satınalma proseslərinə maneələrin aradan qaldırılması da yer alacaq. Hakan Fidanın CAATSA sanksiyalarının qaldırılması üçün işlərə başlanması lazım olduğunu vurğulaması gözlənilir. Bu çərçivədə Türkiyənin F-35 proqramına qayıdışına yenidən baxılmasının əhəmiyyəti çatdırılacaq.

 

Terror təşkilatlarının ləğvi müzakirə olunacaq

 

Terrorla mübarizə məsələsi də gündəmdə olacaq. Fidan Türkiyənin Suriyanın sabitliyi və bütövlüyünə dəstəyini ifadə edəcək. O, FETÖ kimi terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, xüsusilə SDQ çətiri altında olan terror təşkilatı PKK/YPG ünsürlərinin aradan qaldırılmasının vacibliyinə toxunacaq. O, DEAŞ terror təşkilatı ilə mübarizə və düşərgələrin təhlükəsiz idarə edilməsində koordinasiyaya ehtiyac olduğunu ifadə edəcək.

 

Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi zərurəti də müzakirə olunacaq.

 

Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq. O, Türkiyənin də atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.

 

ABŞ-nin Qəzzada qalıcı atəşkəsin təmin edilməsi və humanitar yardımın bölgəyə çatmasını təmin etmək üçün İsrail üzərindəki nüfuzundan istifadə etməsinin əhəmiyyəti vurğulanacaq.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə