Panama Kanalı limanlarının satışını Çin tənzimləyiciləri dayandırdı

Bölmə: Dünya › ,
Tarix: 20:30 28.03.2025

Çinin antiinhisar tənzimləyiciləri ABŞ konsorsiumunun Panama Kanalı zonasında yerləşən iki liman üçün bağladığı müqaviləni araşdırır.



Əvvəlcə gələn həftə yekunlaşması planlaşdırılan razılaşma bu araşdırmaya görə gecikdirilib. ABŞ Prezidenti Donald Tramp səhvən iddia edib ki, Çin Panama Kanalına nəzarət edir (həqiqətdə isə kanala Panama nəzarət edir, lakin Çinin kanalın hər iki tərəfində limanları var). Tramp ABŞ-nin bir daha Atlantik və Sakit Okean arasında strateji keçid olan kanala nəzarəti ələ alacağını bildirib. Dünyanın ən böyük aktiv idarəedici şirkəti olan BlackRock (11,6 trilyon dollarlıq aktivlərə malikdir) bu ayın əvvəlində Hong Kong firması CK Hutchison-un 23 ölkədə 199 dayanacaqdan ibarət 43 limanına nəzarət edən səhmlərini almaq üçün bir qrup investorun liderliyini öz üzərinə götürəcəyini açıqlayıb. Bu razılaşma bölgədəki gərginliyi azaltmaq üçün bir addım kimi qiymətləndirilirdi. Lakin Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi dövlətə məxsus Ta Kung Pao qəzetinin sualına cavab olaraq bildirib ki, bu müqavilənin bazarda ədalətli rəqabəti qorumaq və ictimai maraqları müdafiə etmək məqsədilə araşdırılmasına başlanılıb. Bu açıqlama həmçinin Çinin Honq Konq və Makao İşləri İdarəsinin saytında dərc edilib. 51 mil uzunluğunda olan Panama Kanalı həm yük, həm də hərbi gəmilərin Atlantik və Sakit Okean arasında keçidi üçün kritik əhəmiyyət daşıyır. Dünyadakı dəniz ticarətinin 4%-i və ABŞ-ın konteyner ticarətinin 40%-dən çoxu bu kanal vasitəsilə həyata keçirilir. Son vaxtlar Çin və ABŞ arasında gərginlik artır. Tramp administrasiyası Çindən idxal olunan bütün mallara 20% yeni rüsum tətbiq edib, Çin də cavab tədbirləri görüb. Gələn həftə ABŞ-ın digər ticarət tərəfdaşlarına qarşı əlavə tariflər elan edəcəyi gözlənilir. Panama Kanalını ABŞ XX əsrin əvvəllərində tikib və 1914-cü ildə tamamlanıb. ABŞ uzun illər ərzində kanala nəzarət edib. Lakin Prezident Cimmi Karter administrasiyası dövründə Respublikaçıların etirazına baxmayaraq, onun Panamaya təhvil verilməsinə dair müqavilə imzalanıb. 1999-cu ildən bəri kanalın idarəçiliyi Çinə deyil, Panamaya məxsusdur. Tramp administrasiyası Panamanı Çin limanlarından imtina etməyə məcbur etmək istəyir və eyni zamanda ABŞ gəmilərinin kanal keçid haqqından azad olunmasını tələb edir. Dövlət katibi Marko Rubio Panamaya səfəri zamanı ABŞ gəmilərinin kanal keçid haqqı ödəməməsi fikrini müdafiə edib və bildirib ki, “ABŞ müharibə zamanı Panama Kanalını qorumaq məcburiyyətindədirsə, niyə keçid haqqı ödəməlidir?”


CNN Business

Billurə Quliyeva