ABŞ Dövlət Departamentinin nümayəndələrinin Azərbaycan səfəri

Bölmə: Siyasət › ,
Tarix: 21:03 31.05.2025

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak Azərbaycana gəlib.

 

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın Bakı səfəri Cənubi Qafqazda diplomatik gündəliyin intensivləşdiyi bir dövrə təsadüf edir:



"Səfərin ortaq maraqlara uyğun olaraq ikitərəfli və çoxtərəfli dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmaq məqsədi daşıdığı ifadə edilir. Eləcə də, səfərin regional konteksdə kifayət qədər böyük önəm kəsb etdiyi məlumdur. Belə ki, bir gün öncə Ermənistanda səfərdə olan Coşua Hakın Azərbaycana gəlişi indiki məqamda Cənubi Qafqazda sülh gündəliyinin formalaşması ilə bağlı rəsmi Vaşinqtonun marağını bir daha təsdiqləyir. Həmçinin bu səfər ABŞ-nin Ermənistan ilə normallaşma prosesinə dəstək vermək istəyi ilə paralel olaraq redaktə edilmiş siyasi xəttinin davamı kimi də nəzərdən keçirilə bilər. Nəticə etibarilə, ABŞ nümayəndəsinin səfəri və ümumiyyətlə son zamanlarda Ağ Evin Cənubi Qafqaz siyasətində Azərbaycan mərkəzli yanaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlana biləcəyinin ilkin mesajlarını vermiş olur. Ona görə də, bu səfərin əsas təsirlərinin yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərində müşahidə ediləcək ritorika və praktiki əməkdaşlıq addımları ilə müşahidə etməyin mümkün olacağı istisna edilməməlidir".


Billurə Quliyeva