"ABŞ-nin öz maraqlarını İrana diqtə etməsi hərbi müdaxilədən daha faydalı hesab olunur"-ŞƏRH

Tarix: 18:47 08.04.2025
“ABŞ və İran birbaşa danışıqlar aparır".
Bu haqqda ABŞ Prezidenti Donald Tramp danışıb.
“Birləşmiş Ştatlar İranın nüvə inkişafı ilə bağlı məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verəcək, bu da Tehranın maraqlarına cavab verir. Danışıqlar başlayıb. Şənbə günü görüş keçiriləcək. Çox vacib görüşümüz olacaq”, - o qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "informator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin öz maraqlarını İrana diqtə etməsi və onu razı salması hərbi müdaxilədən daha faydalı hesab olunur:
"İran və ABŞ-nin arasında danışıqların baş tutmasında maraqlı və maraqsız dövlətlər var. Dilə gətirməsə belə, İsrail birbaşa hərbi müdaxilələnin, hətta İran rejimi süqut edənə qədər müharibənin davam etməsində maraqlıdır. Ancaq ABŞ-nin öz maraqlarını İrana diqtə etməsi və onu razı salması hərbi müdaxilədən daha faydalı hesab olunur.
Yaxın Şərqdə İranın dolayı yolla İsrail və ABŞ-nin maraqlarına xidməti vardı.Suriya əldən çıxandan sonra İran İsrail üçün lazımsız fiqura çevrildi. Bir şans verdilər ki, bəlkə , Suriyada yerindən qiyam edib üstünlük əldə edə, o da Türkiyənin dəstəyi ilə Druzlar, Nüseyrilər və Ələvilərin qiyamı yatırıldı. Sonra İsrail məcbur olub, Suriyada özü bombalarla müəyyən işlər gördü. ABŞ 2001-ci ildə Əfqanıstanı işğal edəndə İran ona dəstək verdi, təyyarələr İranın üstündən uçub əfqan xalqını bombalayırdı.
Eyni zamanda İraq işğal ediləndə İran ABŞ-nin yanında olub”.
Politoloq qeyd edib ki, Suriyada vəziyyətin İsrailin xeyrinə inkişaf etməsində İranın müstəsna rolu olub:
"Amma hazırda da İsrail və ABŞ-nin Türkiyə və digər müsəlman ölkələrinə qarşı eyni planları var. İranı bu planlarda istifadə etmək istəyirlər. Əgər İran onlara razılıq versə, ondan əl çəkəcəklər. Çünki bu rejimin qurulmasının və qorunmasının mahiyyəti müsəlmanların dünyada birliyinə əngəl olmaq, ittifaqı pozmaqdır.
Hazırkı fars molla rejimi dəfələrlə müsəlman dövlətlərin birliyini pozub. 6 günlük "İsrail-Ərəb müharibəsində" İsrailə yardım edib, qırıcılar verib, neft satıb. Həmçinin İran-İraq savaşı zamanı İsrail molla rejiminə 3 milyard dollarlıq yardım edərək 500 milyon dollarlıq silah satıb. Qarşılıqlı yarıaçıq yarı gizli əlaqələr indi də davam edir. ABŞ İranı istifadə edir. Nə vaxt ki, istifadə edə bilmir, yaxud İran müstəqil qərar verib öz xeyri üçün iş görmək istəyir, dərhal təhdidlər gəlir və razılıq əldə olunur. İran hazırda çəkinir və əvvəl imtina etdiyi danışıqlara indi razılıq verir. Bu o deməkdir ki, İran hansısa müsəlman ölkəsini yaxud ölkələrini satır. Böyük ehtimalla hazırda İslam aləminin lideri rolunda olan Türkiyə əleyhinə planlar hazırlanır. Çünki İsrailin işğalçı siyasətinin və müsəlman genosidinin qarşısında yeganə dirəniş göstərən ölkə Türkiyədir. İsrail onu maneə hesab edir.
İranla müharibə də olsa , danışıqlar da olsa , regionda İranın narahatlıq yaratması davam edəcək. Çünki dövlətin ideoloji xətti odur. Rejimin mahiyyəti müsəlman və türklərə problem yaratmaqdan ibarətdir. Əgər bu funksiyasından əl çəkərsə, dərhal İran rejimini Qərb kualisiyası devirər. İran silah düzəltməkdən imtina etdikcə , ABŞ narahat olur. Əslində onların nüvə silahı düzəltməməsinə görə narahatdırlar. Çünki Türkiyə, Pakistan və başqa müsəlman ölkələrinin qarşısında İranı qara bir sədd kimi yetişdirirlər. Heç də heç nə göründüyü kimi deyil. İran ABŞ-nin danışıqlar dediyi məsələdə onlarla razılaşacaqsa, demək onun diqtə etdiyi məsələləri həyata keçirəcək. O olanlar da yalnız İsrailin maraqlarıdır. Regionda sabitlik pozulmayacaq. Böyük ehtimalla İran yenə də ABŞ-nin diqtə etdiyi mövzuları həyata keçirəcək”.
Nuray Əliyeva