Ənənə və müasirlik nə deməkdir? -Ekspert AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 21:12 08.04.2025

 

Ənənə bir xalqın kimliyidir. O, tariximizdən gələn həyat tərzini, düşüncə formasını və mədəni irsi əks etdirir. Müasirlik isə yeniliyə açıq olmaq, dəyişiklikləri qəbul etmək və inkişafla ayaqlaşmaqdır. Bu iki anlayış ilk baxışda bir-birinə zidd görünsə də, əslində düzgün yanaşma ilə bir-birini tamamlayan güclərə çevrilə bilər.

 


Mövzu ilə bağlı sosioloq Lalə Mehral “informator.az”a açıqlamasında bildrib ki, bəzən insanlar keçmişlə, ənənə ilə müasirliyi uyğunlaşdırmaq istəmir:

 

 

“Çünki müasirliyin əslində olduğu kimi yox, ötürülən bəzi yanlış cərəyanların sayəsində zərəri olduğunu düşünürlər. Məsələn, bizdə müasirlik deyiləndə insanlar nə anlayır?

Hamı açıq-saçıq geyinən birini gözünün önündə canlandırır ki, müasirlik istədiyini geyinməkdir. Başqa müasirlik deyiləndə kimsə özbaşınalığı qəbul eləyir. Amma müasirlik ümumi ifadədir. 

Texnoloji yeniliklər, dövr ilə ayaqlaşmaq, elmdə, mədənəniyyətdə inqilablar müasirlikdir. Müasirlik özündə bir çox cərəyanları birləşdirən ifadədir. Ona görə də keçmişdən qorxmamaqla, ənənələrə xilaf çıxmamaqla, soy-kökünü, milli kimliyini unutmadan müasirləşmək mümkündür. Biz kökümüzə bağlı qalaraq da müasirləşə bilərik.
Əgər kökümüzə bağlı qalacağıq deyib, müasirləşməkdən uzaqlaşsaq, inteqrasiyadan imtina eləsək köklü cəmiyyət kimi bərqərar ola bilmərik. Çünki dövrlə ayaqlaşmağı bacarmasaq, zaman bizi tarixin yaddaşından siləcək. Nədə müasirləşmək , nədə inteqrasiya etmək lazımdırsa, bu inanın , cəmiyyətin və dövlətin qəbul etdiyi normalara qalır.Bir insan soyunmağı, çılpaqlığı müasirlik kimi qəbul edir. Başqa bir insan süni intellekti müasirlik kimi hesab edir. Bir cəmiyyət başı pozuqluğu müasirlik kimi görə , başqa bir cəmiyyət, elmdə inqilabı, texnoloji inqilabı müasirlik kimi görə bilər. Bu əslində insanların intellekt səviyyəsindən və cəmiyyətin savadlılıq dərəcəsindən asılı olan vəziyyətdir”.

 

 

Əminə Əliyeva