Erkən yaşda ana olmağın fəsadları

Tarix: 21:15 08.04.2025
Bu gün dövrümüzün əsas problemlərindən biri erkən ailə həyatı qurmaq və erkən yaşda ana olmaqdır. Bildiyimiz kimi bir müddət öncə 13 yaşlı qız ana olub.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova "informator.az"a açıqlamasında bildirib ki, şəxsiyyətin formalaşmasına təsir edən amillərdən biri də ictimai rəy, ictimai mühit və ictimai ətrafdır:
"Ətrafın düşüncəsi bizim üçün çox avtoritetdir və böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin və ətrafdakı insanların düşüncəsi o qədər nüfuzludur ki, ailədaxili planlamaya, zorakılığa və münasibətlərə belə təsir edir. Çünki əgər bir cəmiyyət hər hansı bir məfhum və ya fikri qəbul etmirsə və onu sərt şəkildə qınayırsa, bu, ailə daxilində də müzakirə mövzusuna çevriləcək və düşüncələrimizin istiqamətinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bu baxımdan, dövlətin, ictimai rəyin və insanların fikri çox önəmlidir. 13 yaşlı bir uşağın ailə həyatı qurması fikrini ifadə etmək düzgün deyil. Çünki 13 yaşlı bir uşaq ailə həyatı qura bilməz. Bu, birbaşa zorakılıqdır. Bu hal uşağa qarşı zorakılıq kimi qiymətləndirilməlidir. Əgər bu cür zorakılıq baş verirsə, deməli, həmin insanın düşüncə tərzində ciddi problemlər var – bu, danılmazdır. Ailədə belə hallara qarşı qadağaların tətbiqi birbaşa dövlətlə bağlıdır. Əgər ailədə baş verən zorakılıq və təzyiqlərə dövlət müdaxilə edərsə və bu müdaxilə bir başlanğıc nöqtəsi olarsa, heç olmasa insanlar qorxudan da olsa, müəyyən qanunsuz hallara yol verməyəcəklər. Bu kimi məsələlərə qanun çərçivəsində baxılmalıdır ki, insanlar belə fikirləri ağlından belə keçirməsin".
O, həmçinin açıqlamasında insan və cəmiyyətin bir üzvü olaraq edəcəklərimizdən danışıb:
“Biz tərbiyəmizlə, üslubumuzla, davranışımızla, evdə apardığımız müzakirələrlə bu gün böyüyən uşaqların zehnində belə bir informasiya formalaşdırmalıyıq ki, insan faktoru önəmlidir. Kişi faktoru deyil, insan faktoru əsas götürülməlidir. Tərbiyə də bu yanaşma üzərində qurulmalıdır. Bu, ailədən başlamalıdır. Hər bir ana tərbiyə etdiyi övladına bu düşüncəni aşılamalıdır ki, əsas məsələ insan olmaqdır. Qadın və kişi tərəzidə ölçülməməlidir. Tərbiyənin təməlində duran əsas prinsip insan faktorudur. İnsana hansı xüsusiyyətlər aiddir, insan özünü necə aparmalıdır – biz bu suallardan yola çıxmalıyıq. Necə ki insanın ilkin düşüncə toxumu ailədə formalaşır, bizim də borcumuz odur ki, bu düşüncəni uşaqlarımıza aşılayaraq onlara sağlam tərbiyə verək. Qadınların və kişilərin hüquqlarının tapdanmaması məsələsində də tərbiyənin incəliklərinə diqqət yetirilməlidir. Bu, hər bir valideynin üzərinə düşən bir vəzifədir".
Ayşən Səlimova