Peter Pan sindromu nədir?

Tarix: 21:23 08.04.2025
Böyümək həyatın qaçılmaz bir hissəsidir, lakin bəzi insanlar bu prosesdən uzaq durmağa çalışırlar. Onlar məsuliyyətdən qaçır və uşaqlıq dövrünün qayğısızlığını qorumağa çalışırlar. “Peter Pan sindromu” adlanan bu hal, insanın fiziki olaraq böyüməsinə baxmayaraq, emosional və sosial cəhətdən yetkinləşmək istəməməsi ilə xarakterizə olunur.
Mövzu ilə bağlı psixoloq Rafiq Allahverdiyev “İnformator.az” saytına açıqlamasında bildirib ki, bu sindrom insanların gündəlik həyatında və münasibətlərində bəzən ciddi təsirlərə səbəb ola bilər:
“Əslində, bu sindrom James Barrienin eyniadlı romanındakı qəhrəman Peter Panın adından götürülüb və cəmiyyət arasında bu adla tanınıb. Əsasən, yetkinlik yaşına çatmış şəxslərin uşaqsayağı davranışları və məsuliyyətlərinə qarşı laqeyd olmaları bu sindromun əsas göstəricilərindəndir. Termin qeyri-rəsmi hesab olunsa da, bəzi psixoloji tədqiqatlarda istifadə olunur. Lakin psixiatriya diaqnostika sistemlərində hələ də rəsmi şəkildə tanınmır.
Peter Pan sindromu olan şəxslərdə infantilizm – yəni uşaq təfəkkürlülük, yaşlarına və cinslərinə uyğun məsuliyyətləri dərk etməmək və onlardan imtina etmək müşahidə olunur. Belə insanlar tək yaşamaqdan qorxur, valideyn himayəsində qalmağa üstünlük verirlər".
Hansı yaş qruplarında daha çox rast gəlinir?
“Ən maraqlısı isə odur ki, cəmiyyət bəzən bu cür insanları sadəlövh və ürəyitəmiz kimi qiymətləndirir. Lakin təəssüf ki, bu sindromu 12 yaşa qədər müəyyən etmək çətin olur. Adətən, ixtiyari diqqətin formalaşdığı, cinsi yetişkənliyin daha çox inkişaf etdiyi dövrdən – yəni 12-17 yaşdan etibarən bu hal sindrom kimi nəzərdən keçirilir. Bu, baş beynin diensefal pozuntuları nəticəsində yaranan infantilizm əlamətləridir.
Yetkinlik yaşına baxmayaraq, məsuliyyət hissini dərk etməmək bu sindromun əsas xüsusiyyətlərindən biridir. 12-17 yaş aralığında məsuliyyət hissinin zəifləməsi ilə yanaşı, cinsi rolların dərkində də qarışıqlıqlar baş verə bilər. 18-20 yaşlarında isə bu insanlar narsist və şovinist davranışlarla seçilməyə başlayırlar. 45 yaşdan sonra isə onlarda depressiv əhval-ruhiyyə müşahidə olunur və keçmiş gəncliklərini geri qaytarmaq arzusu güclənir.
Göründüyü kimi, infantil, yəni uşaq təfəkkürlü insanlardan fərqli olaraq, bu tip insanlar həm məsuliyyətdən qaçır, həm də müəyyən yaş dövründən sonra yenidən gənc olmağa çalışırlar. Onlar narsist psixoloji xüsusiyyətlərə malik olur, heç bir iş görmədən başqalarının diqqətini və qayğısını istəyə bilirlər, lakin şovinist və eqoist davranışlar sərgiləyirlər. Bu hal cəmiyyət arasında artıq Peter Pan sindromu kimi tanınır".
Sindromun yaranma səbəbləri
“Bu sindromun yaranma səbəblərini tibbi sahədə araşdırmaq hər zaman asan olmur. Bununla bağlı müxtəlif ehtimallar mövcuddur. Bildirilir ki, baş beynin sinir neyronlarının bioelektrik aktivliyinin enməsi, media-bazal strukturların pozulması, diensefal disfunksiyalar və paroksismal hallar bu sindromun meydana çıxmasına səbəb ola bilər. Belə insanlar məsuliyyət hissini dərk edə bilmir və özlərinə qarşı tənqidi yanaşma nümayiş etdirmirlər".
Sindromun müalicəsi varmı?
“Bu sindromun aradan qaldırılması üçün mümkün qədər erkən yaşlarda, yəni 12 yaşa qədər müəyyənləşdirilməsi vacibdir. Bu cür hallar müşahidə olunduqda, mütləq şəkildə nevroloji və psixoloji dəstək göstərilməlidir. Beləliklə, bu şəxslərdə genetik və irsi meyillər olsa belə, onlar öz yaşlarına və cinslərinə uyğun sosial rolları dərk edib uyğunlaşmağı öyrənə bilərlər. Peter Pan sindromuna əsasən oğlanlar arasında daha çox rast gəlinir, lakin qızlar arasında da müşahidə edilir",– deyə psixoloq vurğulayıb.
Səyyarə Mirzəyeva