“Trampın prezident seçilməsi onları ciddi məyus etdi”

Bölmə: Siyasət › ,
Tarix: 11:51 09.04.2025

“Onlar (Ermənistan - red.) ümid edirdilər ki, ABŞ-də seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi”.

 

 

"İnformator.az" "Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.

 

Prezident qeyd edib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-lə Azərbaycan arasında münasibətlər böhrana uğrayan  əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil.

 

Dövlət başçısı deyib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarıyıq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir.

 

Azərbaycan Prezidenti bildirib ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

 

Dövlət başçısı deyib:

“Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.