ABŞ-nin Yəməndəki zərbələri nəticəsində onlarla husi döyüşçüsü öldürülüb

Bölmə: Siyasət › ,
Tarix: 22:25 17.04.2025

 

ABŞ-nin Yəmənin şimalında yerləşən Əl-Cauf əyalətinə endirdiyi hava zərbələri nəticəsində “Ənsar Allah” (husilər) hərəkatının onlarla üzvü həlak olub. Yerli mənbələrin məlumatına görə, zərbələr husilərin hərbi obyektlərinə və mövqelərinə tuş gəlib. Hadisə nəticəsində çox sayda yaralı olduğu bildirilir.

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu hərbi əməliyyatının əsas səbəbi Yəməndəki husilərin son aylarda Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlar və bölgədə İranın təsir imkanlarının genişlənməsidir:

 

“Husilər İranın dəstəklədiyi silahlı qruplaşmalardan biri olaraq regionda ABŞ və onun müttəfiqlərinə qarşı ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ABŞ bu əməliyyatlarla yalnız husilərə zərbə endirməklə kifayətlənmir, həm də regionda öz mövqeyini qorumağa və İranın nüfuzunu zəiflətməyə çalışır”.

 

Politoloq əlavə edib ki, bu hücum ABŞ-İran münasibətlərinə birbaşa təsir göstərə bilər:

 

"Tehran bu əməliyyatları öz maraqlarına və təsir dairəsinə qarşı təhdid kimi qəbul edəcək. Bu isə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər. İranın husilərə hərbi və maliyyə dəstəyi davam etdikcə, ABŞ-nin bu cür əməliyyatları davam etdirməsi ehtimalı da artır",- deyə Zahidov Sultan bildirib.

 

Onun sözlərinə görə, bölgədə vəziyyətin daha da mürəkkəbləşməsi təkcə Yaxın Şərq üçün deyil, beynəlxalq ticarət və enerji təhlükəsizliyi üçün də ciddi risklər yaradır.

 

Asiman Vəliyeva