Ermənistan-Azərbaycan Münasibətləri-Sülh Sazişi və Təhlükəsizliyin Təmin Edilməsi

Bölmə: Siyasət › ,
Tarix: 22:31 09.04.2025

Prezident İlham Əliyev: "Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözlədiyimizi aydın ifadə etdik. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda inteqrasiya olunan bölgə üçün heç bir maneə qalmayacaq.

Lakin bu, o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiyadan danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq, etimadı qura bilərik".

 

Mövzu ilə bağlı, politoloq Elşad Mirbəşirov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Ermənistan Azərbaycan tərəfini əmin etməlidir ki, bir daha dövlətimizə qarşı təcavüzkar mövqe nümayiş etdirməyəcək. Onsuz da belə bir mövqe nümayiş etdirsə, bu, Ermənistan üçün “ölümcül” nəticələnəcək:

 

“Azərbaycanın haqlı tələbləri yerinə yetirildiyi təqdirdə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Azərbaycanın istəkləri regionda sülh və təhlükəsizliyin təmin olunmasına yönəlib. Prezidentin də dediyi kimi, istəklərimiz olduqca aydındır:

 

1. Ermənistan Konstitusiyasında dəyişiklik olmalıdır;

 

2.Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

 

Bundan sonra regionda kommunikasiyalar açılacaq, əməkdaşlıq qurulacaq. Saziş imzalandıqdan sonra tərəflərin iştirakı ilə əməkdaşlıq platforması formalaşacaq. Zamanla regional layihələr bu əməkdaşlığı zəruri edəcək. Cənab Prezidentin belə bir mövqe sərgiləməsi Ermənistan üçün çox böyük güzəştdir. Çünki Ermənistan dövlətimizə və xalqımıza qarşı çox böyük cinayətlər törədib. Bu qədər soyqırımlar və faciələr törədildiyi halda əməkdaşlığın qurulması o qədər də asan olmayacaq. Burada həm psixoloji məqamlar, həm də xalqımızın qan yaddaşı rol oynayır.

 

Ölkəmizin dinamik inkişafı və təhlükəsizliyi üçün bu addımların atılması zəruridir. Ermənistan Azərbaycan tərəfini əmin etməlidir ki, bir daha dövlətimizə qarşı təcavüzkar mövqe nümayiş etdirməyəcək. Onsuz da belə bir mövqe nümayiş etdirsə, bu, Ermənistan üçün “ölümcül” nəticələnəcək". 

 

Fatimə Şahverdiyeva