MM üzvləri Britaniya parlamentinin Lordlar Palatasının üzvü ilə görüşüblər

Bölmə: Siyasət › ,
Tarix: 22:41 09.04.2025

 

Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Manla görüşüblər.

 

Söhbət zamanı deputat Asim Mollazadə iki ölkə arasında əməkdaşlığın tarixinə və gələcək perspektivlərinə toxunub. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.

 

Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında münasibətlər Azərbaycan müstəqillik qazanandan bəri uğurla inkişaf etməkdədir:

 

"Böyük Britaniya Azərbaycan investisiyasına ən böyük kapital qoyuluşunu edən ölkədir. B.Britaniyanın bəzi şirkətləri Azərbaycanda neft yataqlarının işləməsində ciddi rol oynayır. Əlavə olaraq, Azərbaycan və B.Britaniyanın bir çox digər sahələrdə də əməkdaşlığı mövcuddur. B.Britaniya həm də beynəlxalq platformalarda Azərbaycanı müdafiə edən ölkələrdən biridir. 2020-ci ilin 44 günlük savaşında da və ondan sonrakı dönəmlərdə də Fransa və bəzi dövlətlərin səylərinə baxmayaraq, BMT-də Azərbaycan əleyhinə qətnamələrin çıxarılmasına mane olan ölkə olub . Keçən ilin noyabrında Azərbaycanda keçirilən Cop29-da B.Britaniyanın baş naziri də iştirak edib. Azərbaycanla Böyük Britaniyanın münasibətlərinin inkişafında geniş prespektivlər var və hər iki tərəf buna maraqlıdır”.

 

Asiman Vəliyeva