Tramp Çinə qarşı gömrük rüsumlarını 125 faizə qaldırdı

Bölmə: Dünya › ,
Tarix: 09:20 10.04.2025

ABŞ-nin Xəzinə naziri Skott Bessent və Ticarət naziri Hovard Lutnik, Prezident Donald Trampın 9 aprel 2025-ci il tarixində fərman imzalamasını izləyirlər.

 

ABŞ Prezidenti Donald Tramp, ticarət müharibəsi başladığı Çinə qarşı gömrük rüsumlarını 125 faizə qaldırdığını elan edib. Tramp, təxminən 60 ticarət tərəfdaşını əhatə edən əlavə gömrük rüsumlarını isə 90 gün müddətinə dayandırdığını bildirib. ABŞ lideri, bu ölkələrlə danışıqlar davam etdiyi müddətdə “gömrük rüsumlarının qarşılıqlı olaraq 10 faiz endirilmiş şəkildə tətbiq olunacağını” qeyd edib. Ticarət müharibəsinin heç olmasa hələlik yalnız Çinlə məhdud qalması bazarlara müsbət təsir edib. Bəzi mütəxəssislər isə qlobal ticarət müharibəsi fonunda tənəzzül (resessiya) narahatlığını ifadə edirdilər. 10 aprel tarixində dünya ictimaiyyətinə müxtəlif platformalardan açıqlamalar verən Donald Tramp, Çin lideri Şi Cinpin ilə də görüşə işarə edib.

Tramp deyib: “Bir ara telefon danışığı aparacağıq, sonra nə baş verəcəyi bəlli olacaq”.
10 aprel tarixindən etibarən ABŞ-yə Çindən idxal edilən hər bir məhsula 125 faiz vergi tətbiq olunacaq. ABŞ istehsalı olan məhsullara isə, Çinə daxil olduqda 84 faiz gömrük rüsumu qoyulacaq. Tramp ticarət müharibəsinin səbəbi kimi iki ölkə arasındakı ticarət balanssızlığını göstərir.
Ötən il ABŞ, Çindən 440 milyard dollar dəyərində mal idxal edib, Çin isə ABŞ-dən yalnız 145 milyard dollarlıq mal alıb.


Mənbə:BBC

Ətirə İbayeva