“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” -Prezident

Tarix: 14:00 10.04.2025
“Əlbəttə, biz səfirliyimizə qarşı törədilən terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş verib. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilən terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.
“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışıb, nəticədə buna nail olub və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərib. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarıb. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanıb. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə, bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb?
Mən İrandan olan qonaqlara sual verdim - mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçib və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib.
Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi.
Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”, - dövlət başçısı bildirib.