“İnsan təcrübə qazandıqca, düşünmə vərdişi inkişaf etdikcə metakoqnitiv qabiliyyətlər də inkişaf edir”

Tarix: 17:20 10.04.2025
“Metakoqnitiv düşüncə insanın öz düşüncələri üzərində düşünmə qabiliyyətidir. Başqa sözlə, insanın necə düşündüyünü anlamaq, diqqətini necə yönəltdiyini, yaddaşından necə istifadə etdiyini və öyrənmə prosesini necə idarə etdiyini dərk etməsidir”.
Bu sözləri psixoloq, pedaqoq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında deyib.
Müsahibimiz qeyd edib ki, bu, sadəcə nə düşündüyümüzü deyil, həm də düşüncələrimizi necə idarə etdiyimizi müşahidə etmək və tənzimləmək bacarığıdır:
“Metakoqnitiv bacarıqlar doğuşdan gəlmir, bunlar zamanla formalaşan və öyrənilə bilən bacarıqlardır. İnsan böyüdükcə, təcrübə qazandıqca, xüsusilə də düşüncə üzərində düşünmə vərdişi inkişaf etdikcə metakoqnitiv qabiliyyətlər də inkişaf edir. Bu bacarıqlar xüsusilə təhsil prosesi və düzgün psixoloji yönləndirmə ilə gücləndirilə bilər”.
Müsahibimizin sözlərinə görə, düşüncə tərzini tənzimləyə bilən insan emosiyalarının və impulslarının fərqində olur və onları idarə etməyi bacarır:
“Bu da qərarvermə prosesində daha rasional davranmağa, riskləri daha doğru qiymətləndirməyə imkan yaradır. Belə insanlar risk almaqdan tam çəkinmirlər, amma riskləri dəyərləndirib, məqsədəuyğun şəkildə hərəkət edirlər. Yəni tələsik və emosional qərarlar əvəzinə, düşünülmüş və məsuliyyətli qərarlar verirlər”.
Nərmin Həşimova