"Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Suriya olacaq"-ŞƏRH

Tarix: 20:22 10.04.2025
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcək”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ün canlı efirində deyib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "informator.az"a açıqlamasında bildirib ki, Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Suriya olacaq:
“Onun fikrincə, hazırda Suriyada hakim güc Türkiyədir. Ankara ilə Tramp administrasiyası arasında koordinasiyalı fəaliyyət var.
Amma İsrail Türkiyənin Suriyada güclənməsindən narahatdır və bunu özünə təhdid kimi görür. Türkiyənin Suriyada güclənməsi İran faktorunu böyük ölçüdə sıradan çıxarıb. Məhz Türkiyə faktoruna görə İsrailin baş naziri Netenyahu iki ayda iki dəfə Vaşinqtona səfər edib. Son səfər zamanı da Tramp açıq şəkildə ifadə etdi ki, Türkiyənin Suriyada güclənməsi Vaşinqtonun maraqlarına cavab verir. Çünki Tramp Amerikası ilə Ərdoğan Türkiyəsi daha böyük mövzularda əməkdaşlıq edirlər. Bura dünyanın yenidən şəkillənməsi və bu prosesdə qlobal imperializmin sıradan çıxarılması daxildir. Və hər iki ölkə daxilində bununla bağlı ciddi addımlar atılır. Netenyahu ABŞ-dəki sionist lobbi ilə Trampa təzyiq etməyə çalışır. Amma Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verdiyi və ən yaxın müttəfiqi Britaniyaya belə səfər edə bilməyən Netenyahunun da hazırda son sığınacaq yeri məhz Trampdır. Liderlər eyni zamanda İsrail və İran məsələsi ilə yanaşı, ABŞ və Türkiyə arasında iqtisadi münasibətləri də müzakirə edəcəklər. İsrail məsələsi birbaşa Suriya ilə bağlıdır. Türkiyə isə İsrailin təhriki ilə İranın vurulmasını özünə və bölgəyə təhlükə görür. Ona görə də, Ankara ABŞ-nin İranla bağlı fərqli siyasət yürütməsinə çalışacaq. Halbuki İran Suriyada Türkiyənin varlığını maraqlarına zidd hesab edir”.
Əli Zülfüqaroğlu qeyd edib ki, böyük ehtimalla Ərdoğan Trampla görüşündə YPG məsələsini bir daha gündəmə gətirəcək:
“Bununla bağlı Ankara ilə Vaşinqton arasında konsensus var. Yəni YPG-yə daxil olan terrorçuların silahı yerə qoyması və inteqrasiya prosesinə qoşulması ilə bağlı razılıq mövcuddur. Amma bunan sonrakı proseslərdə mümkün risklərin tamamilə aradan qaldırılması Ankara üçün prioritet olaraq qalır. ABŞ-Türkiyə yaxınlaşması öncə hər iki ölkə, eyni zamanda bölgə və dünya üçün müsbət perspektivlər yaradır. Paradoksal olsa da , bundan narahat olan əsas iki ölkə var- İran və İsrail. İstənilən halda, Trampın öncə ABŞ daxilində, daha sonra isə dünyada qlobalizmin rıçaqlarının sıradan çıxarılması üçün Ərdoğan və Putinin dəstəyinə ehtiyacı var. Ona görə də, Türkiyə və Rusiya ilə münasibətləri normallaşdırmaq hazırda Vaşinqton üçün prioritetdir. Bu faktorlar Ankara ilə Vaşinqton münasibətlərində müsbət dinamikanı diktə edir”.
Nuray Əliyeva