ABŞ-də Demokratlar Elon Musk-ı “Tramp administrasiyasından ayrılmağa” məcbur edəcək

Bölmə: Dünya › ,
Tarix: 21:56 10.04.2025

 

ABŞ Nümayəndələr Palatasındakı Demokrat üzvlərin, Prezident Donald Trampın baş müşaviri Elon Musk-ı “administrasiyadan ayrılmağa məcbur edəcəkləri” bildirilib.

 

Amerikanın “Axios” xəbər portalının məlumatına görə, ABŞ Nümayəndələr Palatasında 77 Demokrat üzv koordinasiyalı “Musk əleyhinə” kampaniyaya başlayıb.

Demokratlar ABŞ Prezidenti Trampa ünvanladıqları məktubda belə deyiblər:

 

“Sizin administrasiyanızdan Musk-ın 30 may tarixinədək istefa verəcəyini və qanunla nəzərdə tutulmuş bütün qərarvermə səlahiyyətlərini təhvil verəcəyini açıq şəkildə bildirən təcili ictimai açıqlama tələb edirik".

 

Məktubda vurğulanıb ki, Musk “Tesla” və “SpaceX” də daxil olmaqla öz şirkətlərindən çəkilmədiyi təqdirdə, bir il ərzində “xüsusi hökumət işçisi” kimi vəzifəyə geri dönməsinə icazə verilməyəcək.

 

Xəbərdə qeyd olunub ki, kampaniyanın əsaslandığı hüquqi arqument “xüsusi hökumət işçilərinin 130 gündən artıq xidmət etməməsi ilə bağlı qanuni tələb”dir.

 

“Zaman keçir, qanun aydındır”

 

Nümayəndələr Palatasının Demokrat üzvü Qreq Casar sosial şəbəkə platforması X-də belə paylaşım edib:

 

“Elon Musk qanuna əsasən 30 mayadək vəzifədən kənarlaşdırılmalıdır” — o bildirib ki, bu yolla Trampa açıq mesaj göndəriblər.

 

Casar əlavə edib: “Zaman keçir, qanun aydındır. İnsanlar izləyir. Elon Musk-ı vəzifədən azad edin".

 

O, ABŞ mediasına verdiyi açıqlamada Respublikaçılara qarşı ictimai təzyiqlərin 30 maya qədər artacağını irəli sürüb və Demokratların “əllərindəki bütün hüquqi və siyasi vasitələrlə bu təzyiqin tam gücünə sahib olduqlarını” bildirib.

 

TRT XƏBƏR

Günel Verdiyeva