“ Uzun müddət davam edən yuxusuzluq orqanizmə təsir edir”-Psixoloq AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 22:13 10.04.2025

Gecə növbəsində işləmək bir çox peşə sahibləri üçün qaçınılmazdır. Lakin bu iş rejimi insanın bioloji ritminə, yuxu keyfiyyətinə və ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilir.

 

Mövzu barəsində psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, uzun müddət gecə növbəsində işləmək immun sistemini zəiflədir:

 

“Çünki hər birimizin alışdığı bir sistem var ki, axşam yatırıq, səhər oyanırıq. Bu rejim pozulduqda, zaman olaraq dəyişdikdə isə yuxusuz qalarıq. Uzun müddət davam edən bu yuxusuzluq orqanizmə təsir edir. İmmun sistemi zəifləyərsə, bədən qüvvədən düşərsə, sinir sistemində psixoloji problemlər yarana bilər. Psixoloji problemlərlə yanaşı həzm sistemində də müxtəlif vəziyyətlər yaranır. Bu da təbiidir ki, orqanizmdən-orqanizmə dəyişir”.

 

Psixoloqun sözlərinə görə, əlavə olaraq isə ürək-damar xəstəliklərinə yol aça bilir:

 

“Bir neçə ürək-damar xəstəlikləri vardır ki, onlar məhz yuxusuzluqdan yaranır. Bir növ söyləyərdim ki, bioloji ritm pozulması baş verirsə, həmin pozulmalar bizim bədənimizin tonusdan düşməsinə, yorğunluğun yaranmasına gətirib çıxarır".


Müsahibizin sözlərinə görə, gecə növbəsində işləyənlər mütləq bir neçə qaydaya əməl etməlidirlər:


"Bu qaydalardan başlıcası sağlam qidalanmaqdır. Bundan əlavə gecə ala bilmədiyimiz yuxunun gündüz zamanlarında qaranlıq bir otaqda yataraq o yuxusuzluğu bərpa etməyə çalışmaq, idmanla məşğul olmaq, gücümüzün çatdığı qədər özümüzə, çevrəmizə zaman ayırmalıyıq. Səmərəli vaxt keçirərək özümüzü də ruhsal olaraq tənzimləməyə çalışmalıyıq. Son olaraq qeyd etməliyəm ki, gecə növbəsi işləyənlər lazım gəldikdə psixoloji dəstək alaraq sağlamlığa nəzər yetirməliyik".

 

Zəhra Möhübbətova