Türkiyə–İsrail tərəflərinin Azərbaycanda görüşü-Münasibətlərin normallaşması üçün diplomatik addım

Bölmə: Siyasət › ,
Tarix: 22:45 10.04.2025

Türkiyə və İsrail arasında Azərbaycanda görüş keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Azərbaycanda gərginliyin azaldılması mexanizmi ilə bağlı müzakirələr aparıblar.

 

Məsələ ilə bağlı politoloq Oqtay  Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və İsrail Azərbaycanla tərəfdaş və müttəfiq dövlətlərdir və onların arasında münaqişələrin davam etməsi Azərbaycanın maraqlarına uyğun deyil:

 

“2025-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etdi ki, Türkiyə–İsrail arasında gərginliyin azaldılmasında vasitəçidir və ilk mərhələdən bu vasitəçilik uğurla nəticələnib.

 

İki il əvvəl İsrail prezidenti Türkiyəyə rəsmi səfər edib. Tərəflər arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib. O cümlədən, Türkiyə Prezidenti və İsrail Baş naziri 2023-cü ilin sentyabrında Nyu-Yorkda bir araya gəliblər və münasibətlərin normallaşması üçün ciddi irəliləyiş əldə olunub. 

Lakin sonradan Həmas–İsrail müharibəsi səbəbindən Türkiyə və İsrail arasındakı münasibətlər yenidən pozulub. Hazırda Azərbaycan münasibətlərin normallaşması üçün səylər göstərir. Son aylar ərzində cənab Prezidentin köməkçisi İsrailə və Türkiyəyə səfərlər edib. Bu da Azərbaycanın diplomatik təşəbbüslərinin göstəricisidir.

 

Görüşdə, şübhəsiz ki, tərəflər münasibətlərin normallaşması ilə bağlı məsələləri müzakirə ediblər. Gərginliyə səbəb olan məqamlar və bu problemlərin həlli yolları da danışıqların əsas mövzusu olub. Tərəflər arasında gərginlik yaradan əsas səbəblərdən biri İsrailin Qəzza zolağındakı fəaliyyəti və Suriya ilə bağlı məsələlərdə tərəflərin mövqelərinin ciddi şəkildə fərqlənməsidir.

 

Şübhəsizdir ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti müsbət nəticə verərsə, bu, çox uğurlu diplomatik addım olacaq. Türkiyə və İsrail Azərbaycanla tərəfdaş və müttəfiq dövlətlərdir və onların arasında münaqişələrin davam etməsi Azərbaycanın maraqlarına uyğun deyil. Əgər tərəflər ortaq məxrəcə gəlməyi bacarsalar, bu həm Türkiyənin, həm İsrailin, həm də Azərbaycanın xeyrinə olacaq".

 

Fatimə Şahverdiyeva