İnsan Zehni və Paranoya-Şübhə və Qorxunun Sərt Nəzarəti

Tarix: 23:01 10.04.2025
İnsan zehninin ən maraqlı və sirli sahələrindən biri də onun şübhə və qorxu hisslərinə verdiyi reaksiyadır. Bu reaksiyaların ən uc nöqtəsində isə paranoya dayanır. Paranoya, insanın ətraf mühitə və insanlara qarşı həddindən artıq şübhə və güvənsizlik hissi ilə xarakterizə olunan psixoloji vəziyyətdir. Bəzən sadə bir fikir kimi başlayan şübhələr, zamanla reallıqla əlaqəsini itirərək ciddi ruhi pozuntulara çevrilə bilər.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki, bu halların səbəbləri və cəmiyyətin bu insanlara yanaşma tərzi çoxşaxəlidir:
"1. Paranoya gündəlik həyatda özünü necə göstərir?
Ətrafındakı insanlardan davamlı şübhə etmək, hər hansı bir söz və ya davranışın arxasında özünə qarşı plan qurulduğunu düşünmək kimi hallarla üzə çıxa bilər. Həmçinin, tənqid edildikdə bunu əleyhinə olacaq ehtimalları düşünmək, narahat hiss etmək, daim izlənildiyini düşünmək və güvənsiz şəkildə yanaşmaq da gündəlik paranoya hallarına nümunə ola bilər.
2. İnsanlar niyə digərlərindən həmişə şübhələnməyə meyilli olurlar?
Bunun səbəbləri müxtəlif ola bilər. Keçmişdən gələn uğursuz təcrübələr, güvən sarsılmaları, özünü müdafiə instinkti, ətrafda görülən mənfi xarakterli hadisələr, cəmiyyətdəki psixoloji vəziyyət, film və sosial medianın təsiri kimi amillər bu hallara səbəb ola bilər. Bu cür hallar ifrat dərəcəyə çatmadıqca, normal hesab oluna bilər.
3. Cəmiyyət paranoya ilə yaşayan insanlara necə yanaşır?
Bu, ətrafdakı insanların yanaşma formasından asılı olaraq dəyişir. Paranoya yaşayan insanlar ətrafa qarşı daim güvənsiz və şübhəci yanaşdıqları üçün bu zamanla yorucu ola bilər. Yəni, ətrafdakılar “güvən yoxdursa, mən də yoxam” və ya “belə münasibət istəmirəm” kimi düşünərək, bu tip insanlardan uzaq durmağa çalışa bilərlər. Bəzən isə cəmiyyət paranoya ilə yaşayan insanları damğalayır və onlara "dəli", "problem yaradan" kimi etiketlər yapışdırır. Digər tərəfdən, bəzi insanlar bu vəziyyəti anlayışla qarşılayıb, onları dəstəkləməyə və dəyişdirməyə çalışırlar. Bundan əlavə, daha sağlam yanaşmaların inkişafı üçün maarifləndirmə işləri aparılmalı və cəmiyyətdə empatiya hissi gücləndirilməlidir".
Aytən Ağazadə