Ermənistan Azərbaycana mina xəritələrini təqdim edəcəkmi?

Bölmə: Siyasət › ,
Tarix: 00:47 11.04.2025

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı işğal dövründə Azərbaycan ərazisində basdırılmış minaların dəqiq xəritələrini təqdim etməyə çağırıb. Eyni zamanda, Azərbaycan BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında mina qurbanlarının hüquqlarının tanınması ilə bağlı qətnamənin qəbul edilməsini alqışlayır və bu qətnamənin həmsponsoru kimi çıxış edib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az” saytına açıqlamasında bildirib ki, əgər müharibə başa çatıbsa, mina basdıran tərəf mütləq şəkildə mina xəritələrini qarşı tərəfə təqdim etməlidir:

 

> “Mina terroru artıq Ermənistanın bir dövlət olaraq simasını xarakterizə edən terrordur. Bu terror nəticəsində bu günə qədər Azərbaycanda mülki şəxslər mina qurbanına çevrilir, minalardan əziyyət çəkirlər.

Təbii ki, Cenevrə Konvensiyası və onun əlavə protokollarında, eləcə də müharibə cinayətlərini qadağan edən digər konvensiyaların hüquqi prinsiplərində bu kimi hallar birmənalı şəkildə qadağan olunur. Əgər müharibə bitibsə, mina basdıran tərəf mütləq şəkildə mina xəritələrini qarşı tərəfə təqdim etməlidir.

Üstəlik, Ermənistan mina yerləşdirərkən bu qanunvericilik prinsiplərinə tamamilə zidd davranıb, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozub. Mülki insanlara qarşı müharibə cinayətləri törədilib",– deyə politoloq qeyd edib.

 

Ermənistanın minaların dəqiq xəritələrini təqdim etməməsi sülh prosesinə hansı təsiri göstərə bilər?

 

> “Əgər bu gün biz sülh quruculuğu prosesindən danışırıqsa, Ermənistan bu kimi revanşist meyllərdən ən azı bu mərhələdə əl çəkməli və mina xəritələrini düzgün formada ölkəmizə təqdim etməlidir. Əks halda, etimad quruculuğu üçün zəmin yaranmır və bu da sülh prosesini kölgə altına alır.

Beynəlxalq hüquq kontekstində də bu addımlar qınanmalı və kağız üzərindəki qadağalar və qınamalar real, praktik tədbirlərə çevrilməlidir.

BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında mina qurbanlarının tanınması ilə bağlı qətnamənin qəbul olunması, əlbəttə ki, təqdirəlayiq haldır.

Ancaq daha yaxşı olardı ki, bu qətnamənin həyata keçirilməsi üçün BMT çərçivəsində ciddi cəza mexanizmləri tətbiq olunsun,” deyə Qarayeva vurğulayıb.

 

Səyyarə Mirzəyeva