ABŞ–Çin münasibətləri gərginləşir

Bölmə: Siyasət › ,
Tarix: 01:00 11.04.2025

ABŞ–Çin ticarət münasibətləri bir daha gərginləşib. Tramp bildirib ki, Birləşmiş Ştatlar yalnız Çinlə ticarət kəsiri aradan qaldırılarsa, saziş imzalayacaq. Onun fikrincə, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir və bu vəziyyət dəyişmədikcə Vaşinqton razılaşmaya razı olmayacaq. Trampın bu açıqlaması ABŞ–Çin münasibətlərinə necə təsir edə bilər?

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın strateji rəqibi Çindir:

 

“Hazırda baş verənləri biz Çin və Amerika arasında ticarət müharibəsinin başlanması kimi qəbul edə bilərik. Belə bir müharibə Trampın ilk prezidentlik dövründə də başlayıb. Görünür, Tramp administrasiyası Çinə qarşı yenidən eyni strategiyada çıxış edir. Bunun da əsas səbəbi Amerikanın strateji üstünlüyüdür. Amerika son 4–5 il ərzində, Bayden administrasiyası dövründə əsas rəqib kimi Ukrayna müharibəsində Rusiyanı göstərsə də, əslində əvvəldən Amerikanın əsas strateji rəqibi Çindir. Amerika, özünün əsas güc olduğu beynəlxalq sistemə qarşı təhlükə kimi Çini görür. Çünki Çinin üçüncü və ya yeni dünya qütbü olması potensialı daha böyükdür.

 

Trampın ilk prezidentlik dövründən bəlli idi ki, Amerika əsas rəqib kimi qəbul etdiyi Çini sıradan çıxarmaq üçün müxtəlif istiqamətlərdə addımlar atacaq. Mənim fikrimcə, Ukrayna müharibəsinin başlanmasının alt qatındakı səbəblərdən biri də budur. Belə bir müharibənin başlanması, faktiki olaraq Çini Avropaya birləşdirən logistik dəhlizləri, xüsusən də Qara dəniz istiqamətində böyük ölçüdə sıradan çıxardı. Tramp administrasiyası, Bayden administrasiyasından fərqli olaraq, Çinə qarşı daha konkret addımlar atır. Bir növ Rusiyayla anlaşıb Çinə qarşı mübarizə aparmaq niyyətindədir. Bu prosesdə əsas hədəf kimi əvvəlki strategiyanı, yəni ticarət müharibəsini təkrarlayırlar",– deyə politoloq vurğulayıb.

 

Çin buna qarşı hansı addımları ata bilər?

 

“Çinin əsas cavab addımı yenə ticari–iqtisadi müstəvidə olacaq. Artıq bununla bağlı hər iki tərəf tarifləri yüksəldib və digər tədbirlər görüb. Eyni zamanda, Çin Tayvan məsələsini də maksimum neytrallaşdırmağa çalışacaq. Çünki Çin və Amerika qarşılıqlı kəskinləşdiyi müddətdə Tayvanın müstəqilliyi məsələsi və oradakı proseslər rəsmi Pekinin təhlükəsizliyi üçün ciddi problem yaradır. Hesab edirəm ki, atılacaq addımlardan biri də bu istiqamətdə olacaq. Bununla yanaşı, iqtisadi müstəvidə mübarizə davam edəcək.

 

Ümumilikdə qarşıdakı dövrdə biz dünyanın mübarizəsini Çin və ABŞ arasında görəcəyik. Bu prosesdə Rusiyanın mövqeyi də həlledici amillərdən biridir. Rusiya hansı tərəfi daha çox dəstəkləsə, həmin cəbhənin müqavimətinin artmasına və daha güclü şəkildə çıxış etməsinə zəmin yaradacaq. Amerikanın əsas istəyi isə, xüsusən Çinlə mübarizədə, Rusiyanın neytrallığını təmin etmək və Çinə qarşı daha aktiv fəaliyyət göstərməkdir. Ümumiyyətlə, biz qarşıdakı dövrdə Çin və Amerikanın indiyə qədərki mübarizəsinin daha kəskin formada, açıq müstəvidə davam edəcəyini görə bilərik,",– deyə politoloq qeyd edib.

 

Səyyarə Mirzəyeva