Prezidentin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Rusiya XİN müavini ilə görüşüb

Tarix: 01:14 11.04.2025
Moskvada Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Xələf Xələfovla Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin arasında görüş keçirilib.
Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az” saytına açıqlamasında bildirib ki, Rusiyadan hazırda üz çevirmək həm dövlət, həm də hakimiyyət üçün mənfi nəticələrə səbəb ola bilər:
“Azərbaycanın bu gün qlobal siyasi proseslərdə ən düzgün mövqeyi balans siyasətini qorumaqdır. Rusiyadan üz çevirmək həm dövlət, həm də hakimiyyət üçün neqativ nəticələr doğura bilər. Eyni zamanda, bütün əlaqələri yalnız Rusiya ilə qurmaq iqtisadiyyatın çökməsinə səbəb ola bilər. Qərblə ticarət əlaqələrinin qırılması isə, xüsusən kiçik bir aktor üçün beynəlxalq siyasi arenada mənfi təsirlər yarada bilər", – deyə Vəliyev bildirib.
Rusiya ilə bu səviyyədə yaxın münasibətlər Azərbaycanın Qərb ölkələri ilə əlaqələrinə təsir edə bilərmi?
“Rusiya ilə yaxın münasibətlərə görə Qərb Azərbaycanla əlaqələri tam kəsməz, lakin müəyyən mənada soyuq münasibət göstərə bilər. Hazırda Qərb Azərbaycan enerji resurslarını idxal edir və bu, onlar üçün vacibdir. Ancaq fürsəti çox da məcbur etməmək, yəni ehtiyatlı davranmaq lazımdır",– deyə konfliktoloq vurğulayıb.
Səyyarə Mirzəyeva