ABŞ-Azərbaycan münasibətləri strateji maraqlara əsaslanır

Tarix: 21:04 14.04.2025
Azərbaycan xarici ölkələrlə münasibətlərini milli maraqlar çərçivəsində qurur. Bu yanaşma ABŞ ilə əlaqələrdə də özünü göstərir. İki ölkə arasında əməkdaşlıq əsasən ortaq maraqlara – enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə və regional sabitliyin təmin olunması kimi məsələlərə əsaslanır. Ekspertlər bildirirlər ki, bu münasibətlər həm regional, həm də qlobal təhlükəsizliyə töhfə verir.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan istənilən xarici ölkə və təşkilatlarla münasibətlərə milli maraqlar çərçivəsində yanaşır və ABŞ-Azərbaycan münasibətləri də bu prinsiplərə söykənir.
Politoloq qeyd edib ki, ölkəmizin ABŞ ilə münasibətləri əksər hallarda ortaq maraqlara əsaslanaraq regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizənin təşkilinə və digər mühüm məsələlərə xidmət edib. Onun sözlərinə görə, regional təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizənin gücləndirilməsi baxımından bu tərəfdaşlıq dünya təhlükəsizliyi üçün olduqca önəmlidir.
Ekspert əlavə edib ki, Azərbaycan sülhməramlı qüvvələr tərkibində dünyanın müxtəlif bölgələrində fəaliyyəti ilə dünya təhlükəsizliyinə necə töhfə verdiyini dəfələrlə sübut edib:
"Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən müxtəlif beynəlxalq missiyalarda iştirak edir. Belə ki:
1999-2008-ci illərdə NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi əməliyyatlarında;
2003-2008-ci illərdə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində;
2002-2014-cü illərdə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində;
2015-ci ildən NATO-nun başçılığı ilə Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında;
2019-cu ildən etibarən isə BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi Sülhməramlı Missiyada iştirak edib".
Ekspert bildirib ki, Birləşmiş Ştatlar da dəfələrlə Azərbaycanı ABŞ-nin və müttəfiqlərinin yaxın tərəfdaşı kimi qiymətləndirib. ABŞ və NATO-nun Əfqanıstandakı missiyası dövründə Azərbaycanın bölgəyə stabil bağlantının təminində əsaslı rol oynadığı və terrorçuluğa qarşı mübarizədə tərəfdaşlıq etdiyi xüsusi vurğulanıb.
Politoloq həmçinin əlavə edib ki, ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə hesabatlarında da Azərbaycanın bu sahədəki rolu geniş şəkildə qeyd olunub. Hesabatlarda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyatlar, terror hücumlarının qarşısının alınması və bu sahədə ABŞ-la əməkdaşlıq ön plana çəkilib.
Azərbaycan və ABŞ arasında münasibətlər qarşılıqlı maraqlara, təhlükəsizlik, enerji və beynəlxalq əməkdaşlıq sahələrində ortaq hədəflərə əsaslanır. Ölkəmizin beynəlxalq sülhməramlı missiyalarda fəal iştirakı və terrorizmlə mübarizədə qlobal təşəbbüslərə dəstəyi bu əməkdaşlığın mühüm dayaqlarındandır. Müxtəlif dövrlərdə dəyişən siyasi münasibətlərə baxmayaraq, tərəflər arasında strateji əməkdaşlıq imkanları hələ də genişdir. Bu münasibətlər regionun və dünyanın sabitliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gülhüseynova Güllər