Sahibə Qafarovanın MDB PA-nın plenar iclazında iştirakı-ŞƏRH

Tarix: 21:36 16.04.2025
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Sahibə Qafarova MDB PA-nın iclasında iştirak məqsədi ilə bu səfəri edib. Təbii ki, Azərbaycanın MDB PA-da aktiv fəaliyyəti var:
"Həmçinin Sahibə Qafarova MDB PA-da Azərbaycan nümayəndə heyətinin sədridir. Bu iclas ənənəvi iclaslardan biridir. Burada MDB məkanında baş verən proseslər, o cümlədən parlamentlərarası əlaqələr müzakirə olunacaq. Azərbaycan MDB məkanında baş verənlərə daha yaxından əlaqəsi olan bir ölkədir. Bu proseslərdə əməkdaşlıq müstəvisində müxtəlif sferalarda fərqli addımlar atılır. Bu baxımdan iclasda təmsil olunması Azərbaycanın xarici siyasət kursuna uyğundur".
İclasda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələr gözlənilirmi?
" Bu iclasda Azərbaycan-Ermənistan məsələlərinin müzakirə edilməsi ola bilər. Ermənistan tərəfi daha çox Sahibə Qafarova ilə görüşə can atır. Əsas məqsəd parlamentlərarası əlaqələrin qurulmasıdır. Çünki bu sülh danışıqları üçün önəmlidir. Amma Azərbaycan tərəfi bu iclasda Ermənistan tərəfi ilə görüşdə maraqlı deyil. Azərbaycan sülh sazişi ilə bağlı konkret mövqeni açıqlayıb və ortada konkret tələblər var. Görüşün keçirilməsi sülh sazişinin imzalanmasından sonra baş tutarsa, bu daha məqsədəuyğun olar bilər. Ermənistan görüşə can atsa da, nəticə olmadığı müddətcə Azərbaycan tərəfi buna razılaşmayacaq".
Billurə Quliyeva